featured-image-24466

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 25-ci turunun “Turan Tovuz”la görüşündən sonra mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

“Yaxşı oyun oldu. Matça çox yaxşı başladıq. Başlanğıcda daha çox aqressiv olmalıydıq. Necə hazırlaşmışdıqsa, nə etmək istəyirdiksə, alındı. Oyunçularımı təbrik edirəm”.

– Bu gün 4:0 hesabı ilə qalib gəldiniz. Bir aydan sonra “Turan Tovuz”la ölkə kubokunun yarımfinalında qarşılaşacaqsız. Futbolçularda arxayınçılıq yarana bilər?
– 
Yox, belə olmayacaq. Biz gücümüzü ortaya qoyduq. Tovuza gedəndə rahat, asan oyun olacağını, döyüşmək lazım gəlməyəcəyini düşünməli deyilik. Hamı bilir ki, kubok matçıdır, fərqli olacaq. Kubokun ilk matçına hələ çox var. Ona görə də, qarşıdan gələn oyunlara köklənməliyik.

– Azər Əliyevi hansı mövqedə görəcəyik? Tez-tez vinger kimi görürdük onu…
– 
Lebon vingerdir. Vingerin cərimə meydançasına daxil olmasından sonra sol cinah müdafiəçisinin irəliyə getməsi normal haldır. Son oyunlarda futbolçuları öz mövqeyində oynatmağa çalışıram. Zədəli oyunçularımız yox idi. Ona görə də, bir neçə matçda eyni heyətlə oynamaq şansımız yaranıb. Sevinirəm ki, Sezar Meza Kolli qayıtdı, qolunu vurdu. Eddi də bizimlədi, oynayır. Top Kenni Sayef, Mateus Saldanya, Kilan Lebonda olanda təhlükəlidirlər. Emin yenidən qol vurmağa başladı. Oyunumuz yaxşılığa doğru gedir.
Azər Əliyevə gəlincə, o, bu gün yarımmüdafiəçi kimi oynadı. Çünki bunu bacarır. Variantlarımız çoxdur. Dəyişiklik olduqda, yerli oyunçuların inkişafı barədə də fikirləşməliyik.

– Emin Mahmudovun formasını tam bərpa etdiyini söyləyə bilərik?
– 
Eminin problemləri barədə sizə danışmışdım. O, təlim-məşq toplanışında zədələnmişdi, xüsusi müalicə almalıydı. Məşq etmirdi. Ona görə də, performansında eniş yaranmışdı, əvvəlki kimi görünmürdü. Amma son zamanlar məşqləri və oyunları ağrısız keçir. Belədə, siz əsl Emini görmüş olursuz.

– Ancaq onun müqavilə məsələsinə görə əhvalının yerində olmadığı iddia edilir. Gəzən söz-söhbətlərə məşqçi kimi mövqeyiniz necədir?
– 
Siz onun qardaşısız? Ailə üzvüsüz? Bəzi şeyləri elə əminliklə deyirsiz ki. Biz burada gəzən söz-söhblətlər haqda danışmalı deyilik. Gəlin, reallıqlar, rəsmi məsələlər haqda danışaq. Bəlkə də, doğru deyirsiz. Ancaq bu danışıq futbolçu və “Neftçi” arasında gedir. Sizi əmin edə bilərəm ki, Emin komandada qalmaq istəyir. Onun “Neftçi”də qalması mənim də böyük arzum və istəyimdir. O, peşəkar futbolçudur. Karyerası ərzində bu cür anlarla çox rastlaşıb. Bu haqda çox danışmamalıyıq. Xoşbəxt də ola bilərsən, üzgün də. Hər halda, bizim həyatımızdır, nə edə bilərik? Hər gün futbolçularla birlikdəyəm, onlarla keçirdiyim vaxtdan zövq alıram. Ümid edirəm ki, həm mən, həm də komanda üçün Emin yeni müqavilə imzalayacaq. Amma nə olacağını bilmirik. Futbolda hər şey baş verə bilər. Ona görə futbol mükəmməldir. Fanatlar başa düşməlidir. Eminin üzərində bu qədər təzyiq yaratmaq lazım deyil. Eminin həm özü, həm də ailəsi üçün ən yaxşı qərar nədirsə, onu verəcək. Necə ki, biz də, bunu edirik.

– “Bakcell Arena”da ardıcıl beşinci qələbəniz oldu. Bunun özəlliyi var?
– Bu, bizim üçün pozitiv haldır. Oyunlar haqda danışanda, qol vuranlar, hücumda kimin necə iştirak etməsi qabardılır. Amma daha vacib məqam, qapımızda qol buraxmamağımızdır. Bu, çox vacibdir. Çünki bu, inam verir ki, qol vurasan, şansların olsun. Ona görə də, xoşbəxtəm və sevinirəm ki, “Bakcell Arena”dakı oyunlarda qol buraxmırıq. Bunun üzərində məşqlərdə çox çalışırıq.

– Vato Arveladze haqda nə düşünürsüz?
– 
Vatoya ümidim böyükdür. Son zamanlar komandamda onun kimi topla rahat hərəkət edən oyunçu görmürəm. Öz mövqeyi uğrunda daha çox mübarizə aparmalı olduğunu dərk etsə… Elə məqamlar var ki, indi etdiyindən daha çoxunu göstərməlidir. Vato mükəmməl oyunçu ola bilər. Keyfiyyəti, xarakteri var. Son 2-3 ilə nəzər yetirsək, çox vaxtı zədəli olub. Ona görə, vaxta ehtiyacı var. (Sportal.az)

Bənzər xəbərlər