"Əsas diqqəti hücum xəttinə və sağ cinaha yönəltmişik" - Yuri Vernidub
“Neftçi” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” klubu ilə üz-üzə gələcək.
Msport.az xəbər verir ki, bu gün paytaxt klubunun açıq məşqi olub. Daha spnra komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb:
“Sloveniyada toplanış yaxşı keçdi. İstədiyimiz yoldaşlıq görüşlərini keçirdik. Rəqiblərimiz pis komandalar deyildi. Əlbəttə, daha çox qələbə qazanmaq istəyərdik. Amma bu, təlim-məşq toplanışı idi və əsas məqsəd futbolçuların fiziki hazırlığını gücləndirmək idi. Bütün oyunçular eyni səviyyədə yüklənmə aldılar və eyni zamanda oyun praktikası qazandılar. Hesab edirəm ki, təlim-məşq toplanışını uğurlu oldu. Ən önəmlisi bu dövrü zədəsiz keçirdik”.
Ukraynalı mütəxəssis bəzi mövqelərin gücləndirilməsinə ehtiyac duyduqlarını deyib:
“Transfer məsələsinə gəlincə, hansı mövqelərə oyunçu lazım olduğunu bilirik. İstədiyimiz futbolçular üzərində konkret işləyirik və bu məsələdə səhvə yol vermək istəmirik. Əminliklə deyə bilərəm ki, komanda getdikcə daha da güclənəcək. Yeni cəlb olunan oyunçular da heyəti kifayət qədər gücləndirirlər. Bundan başqa, heyəti gücləndirmək üçün əsas diqqəti hücum xəttinə və sağ cinaha yönəltmişik. Bu istiqamətdə işlər davam edir”.
Vernidub “Dinamo” ilə matça ciddi hazırlaşdıqlarını bildirib:
“Hazırda heç bir vəd vermək istəmirəm. Sizə qrup mərhələsinə mütləq yüksələcəyimizi deyə bilmərəm. Bunun üçün əlimizdən gələni edəcəyik. Bilirik ki, bu, asan olmayacaq. Hər şey komandamızın oyunundan və püşkatmadakı rəqiblərdən asılı olacaq. İlk növbədə, “Dinamo” səddini keçməliyik. Bu komanda Belarus çempionudur və hazırda da ölkə çempionatının lideridir. Çox güclü rəqibdir, bizi çətin qarşılaşma gözləyir və buna hazırıq”.
Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 22-də Bakıda keçiriləcək. Cavab görüşü isə iyulun 30-da baş tutacaq.







