Estoniya ilə 1:1-ə sevinək?
Slovakiya və Qazaxıstanla oyunlardan sonra şəninə təriflər yağdırılan Canni de Byazi dünən Estoniya ilə matçdan sonra açıq-aşkar dedi ki, “məni qovmasalar, heç hara gedən deyiləm”. Yadımdadır ki, həmin ərəfədə millimizin 5 oyunluq qələbə seriyasını hara çatdı əldə bayraq edənlər var idi. Guya komanda düz yoldadır, nəticələr bu cür də davam edəcək…bla, bla, blaa.
AVRO-2024-ün seçmə mərhələsi yığmamzın əsl gücünü ortaya qoydu. Dünən milli Estoniya qarşısında birinci hissədə aciz qaldı. Pribaltikalılar standart vəziyyətdən qapımıza elə top vurdular ki, belə qolu ən yaxşı halda fakültələr arası çempionatlarda buraxmaq olar. Yəqin ki, elə bu gündən “ikinci hissədə yaxşı oynadıq, son dəqiqədəki top qapıdan keçsəydi…” tipli fikirlər eşidəcəyik. Amma deyən yoxdur ki, niyə bu komanda öz meydanında da Estoniyanı məğlub edə bilmir?
Vəziyyət elə bir həddə gəlib çatıb ki, adam bilmir, günahı kimdə görsün? AFFA rəsmilərində, baş məşqçidə, ya meydanda heç nə edə bilməyən futbolçularda? Olduqca ümidsiz, bədbin duruma düşmüşük, hərdən mənə elə gəlir ki, Azərbaycan yığması heç vaxt normal oyun göstərməyəcək, nəticə əldə olunmayacaq. Bu dərəcədə inamsız bir vəziyyətə salıblar bizi.
Yenə hərlənib-fırlanıb qayıdırıq təkrar eyni mövzuya. Əgər Estoniya ilə Bakıda bu cür heç-heçə etməkdirsə, bunun üçün əcnəbi məşqçi gətirib filan qədər pul verməyə nə ehtiyac ? Bunu istənilən yerli məşqçi, lap elə De Byazinin köməkçisi Arif Əsədov da edə bilər.
İllər keçir, milli komanda ilə bağlı gözləntilərimiz günü-gündən azalır. Bəzən deyirlər ki, bu komanda heyətinə görə son illərin ən yaxşısıdır. Amma ən yaxşılar belə 38 yaşlı Vasilyevin qarşısında aciz qalırlarsa, daha nədən danışaq?
Bir gün əvvəl Ermənistan səfərdə Uelsi məğlub etdi. De Byaziyə bunu xatırladanda “uğur qazanmaq üçün yaxşı maşının olmalıdır” deyir. Halbuki Bakıya təzə gələndə başqa cür danışırdı, Azərbaycan millisi ilə uğur əldə edə biləcəyini bildirirdi.
Nə isə, bütün dünya futbol oynamağı öyrəndi, bir bizdən başqa. Bu gedişlə də qarşıda ümidverici heç nə görünmür…
AYXAN