featured-image-15863

90+5-ci dəqiqədə buraxılan qol olmasaydı…Şahruddin Məhəmmədəliyev 17-cı dəqiqədə topu mərkəzə elə ötürməsəydi…

Əslində hər şey “Qarabağ” üçün yaxşı başlamışdı. “Bojuar”a toplaşmış 31 min azarkeşin dəlicəsinə dəstəyi belə Azərbaycan çempionunu qorxutmurdu. Yeri gəlmişkən, ötən il Sevilyada Avropa Liqasının finalında “Ayntraxt” – “Reyncers” oyunundan sonra həyatımda ikinci dəfə idi, belə fantastik ab-hava ilə rastlaşırdım. “Nant”ın tərəfdarları matçın sonuna kimi bir dəqiqə belə dayanmadılar. Meydan sahiblərinin 90+5-ci dəqiqədəki qolunu gətirən də azarkeşlər oldu. Həmin vaxt bir anlıq analoji hadisənin Bakı variantını gözümün önünə gətirdim. Təsəvvür edin, əlavə vaxt gedir, komanda hesabda geridədir və azarkeşlər yavaş-yavaş arenanı tərk edirlər. Halbuki matçın sonunda futbolçuları qol vurmağa təhrik edən məhz dolu tribunaların dəstəyi, onların inamı olur.

media-80e8b

“Qarabağ”ın qolundan sonra “Bojuar”a toplaşmış azərbaycanlı azarkeşlər sözün həqiqi mənasında məni şoka saldı.  Adətən səfər oyunlarında,  xüsusən də Fransa kimi ölkələrdə bizimkilər özlərini bir az çəkingən, sakit aparırlar. 31 min beyni çönmüş adamın qarşısında özünü necə sakit aparmayasan? Lakin Ozobiç penaltidən hesabı bərabərləşdirdikdən sonra azərbaycanlı azarkeşlər meydana petarda atmağa başladılar. Hətta stadionda anons da verildi ki, bir daha meydana petarda atılsa, oyun dayandırılıcaq.

ETOPAZ-ın dəstəyi ilə Nanta gələn jurnalistlərə tərəf çönüb dedim ki, “bunlar deyəsən, qurd ürəyi yeyiblər, bir azdan aləm bir-birinə dəyməsə, yaxşıdır”. Amma insafən, Nantda Marseldəki kimi nə erməni bayrağı gördük, nə də təxribatçı pankartlar. Ümumiyyətlə, şəhərin özü də Marseldən xeyli fərqlənir. Marseldə hər addım başı “erməni mətbəxi”, “erməni restoranı” olan obyektlərə rast gəlmək mümkündür, həm də port şəhəri həddən artıq çirkli-zibilli idi. Orda yerli fransız da nadir hallarda adamın gözünə dəyir, daha çox Afrika və Ərəb ölkələrindən gəlmiş imiqrantlarla rastlaşırdıq. Fransanın ən kriminal şəhərlərindən olan Marseldən fərqli olaraq, Nantda gəcəyarısına kimi yerli əhalinin arasında  pubda oturanda heç bir təhlükə hiss etmirsən. Bəlkə də bu, şəhər sakinlərinin daha çox solçu idealogiyaya üstünlük vermələrindən irəli gəlir. Millətçilər Nantda at oynada bilmirlər.

media-WhatsApp Image 2022-10-28 at 20.26.13

Oyundan qabaq “Nant” formasında olan azarkeşlər şəkil çəkdirmək xahişimizə məmuniyyətlə “hə” deyirdilər. Hətta, zarafatla Bakıdakı 3:0-ı yada salanda da, sadəcə gülümsəyib keçirdilər. Fransızların bu cür xoş davranışından sonra Əlcəzair, Mərakeş əsilli taksi sürücüləri həmkarlarımı şoka saldılar. Onlar azərbaycanlı olduğumuzu bilincə, türkləri pisləməyə başladılar: “Türklər sucuk, ayran və rakıdan başqa heç nə bilmirlər. Mən “Nant”a azarkeşlik edəcəm və sabah komandamız “Qarabağ”ı məğlub edəcək”.

media-WhatsApp Image 2022-10-28 at 20.03.08

Fransada bir şeyə də əmin oldum ki, Bakı ərzaq qiymətləri baxımından get-gedə Avropa ilə bərabərləşməkdədir. Əvəllər “köhnə qitə”dəki qiymətlər bizə fantastik görünərdi. İndi marketlərdə bəzi qiymətləri Azərbaycanla müqayisə etdikdə bizdə daha baha olduğunu gördük.

Fransız mətbəxi deyəndə, daha çox ağlımıza məşhur soğan şorbası və kruasan gəlir. Amma Nantda  Fransa mətbəxini yenidən kəşf etdik. Bəlkə də bu, şəhərin Atlantik Okeandan cəmi 50 km aralıda yerləşməsi ilə bağlıdır. Nantda verilən balığı yedikdən sonra nə qədər özünü mədəni göstərsən də ,“bəh-bəh” deməmək mümkün deyil. Halbuki Bakı da dəniz sahilində yerləşir, amma paytaxt restoranlarında təklif olunan dəniz məhsullarından yəqin ki, siz də o həzzi almırsız.

Yenidən oyunu xatırlasaq, “Qarabağ” “Nant” səfərində də inamlı təsir bağışladı. 17-cı dəqiqəyə Şahruddinin səhvinə qədər üstünlük Ağdam klubunun tərəfində idi. Qurban Qurbanovun komandası Fransa millisinə cəlb olunan Alban Lafontun qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilmişdi.

Təəssüf ki, bu dəfə də “Qarabağ”ın qolkiperi komandanı pis vəziyyətdə qoydu. Qurbanov oyundan sonra CBC Sport-a müsahibəsində qapıçının texniki səhvə yol verdiyini, futbolda belə şeylərin olduğunu söylədi. Bir sözlə, məşqçi bu dəfə də Şahruddinə güvənini ifadə etdi. Amma təəssüf ki, qapıçı bu etimaddan sui istifadə edir. “Omoniya” ilə Bakıdakı oyun, “Viktoriya Plzen”lə səfərdəki qarşılaşma… hamısı bir-birinə oxşar səhvlərdir və hamısı da cox vacib matçlarda olub. Güvən, etimad futbolda çöx önəmli faktordu, amma bundan sui-istifadə etməyin axırı heç də yaxşı nəticələnmir. Şahruddin dünənki səhvi ilə yenə də sosial medianın “qəhrəmanı”na çevrildi. Hətta Çingiz Abdullayev müvəqqəti də olsa unuduldu, Məhəmmədəliyevlə bağlı növbəti kapslar, lətifələr, statuslar yarandı.

media-qarabag-2-780x470

“Qarabağ” 90+5-ci dəqiqədə qapısında qol görməsəydi, artıq qrupda 2-ci yeri özünə təmin etmiş olacaqdı. İndi isə Azərbaycan çempionunu Bakıda “Frayburq”la ağır oyun gözləyir. Ümid edək ki, Almaniya klubu pley-offa yüksəldiyindən Tofiq Bəharamov adına stadiona motivasiyasız, əsas heyət olmadan çıxacaq.  Əks halda işimiz çətin ola bilər.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər