featured-image-51217

Azərbaycan Şahmat Federasiyasının (AŞF) birinci vitse-prezidenti Faiq Həsənov sentyabrda Macarıstanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək milli komandaların heyətinin formalaşması ilə bağlı müsahibə verib.

Msport.az həmin müsahibəni təqdim edir.

– Faiq müəllim, kişi şahmatçılardan ibarət millinin heyəti ilə bağlı suallar yaranıb. Ümumiyyətlə, heyət hansı amillərə görə müəyyənləşir?

– Heyət Azərbaycan Şahmat Federasiyası tərəfindən müəyyənləşdirilir. İl ərzində ölkənin aparıcı şahmatçılarının nüfuzlu turnirlərdə, o cümlədən Azərbaycan çempionatında iştirakına əsasən seçilir. Bu zaman şahmatçının nəticələri və digər amillər də nəzərə alınır. Son illər kişi şahmatçılardan ibarət milli komandanın nəticələri bizi qane etmir. Nəticələr təhlil olunduqdan sonra heyətdə dəyişikliyin olması barədə qərar qəbul edildi. Hamıya məlumdur ki, AŞF mütəmadi olaraq gənc və perspektivli şahmatçılara dəstək olmağa çalışır. Federasiya daim milli komanda ilə işləyən məşqçilərlə ünsiyyətdədir. Hər bir şahmatçının iştirak etdiyi yarışlar təhlil olunur və qərar qəbul edilərkən nəzərə alınır.

– Yeni heyətdə Aydın Süleymanlı və Məhəmməd Muradlı ilk dəfə olimpiadada iştirak edəcəklər. Bu barədə nə düşünürsünüz?

– 2022-ci ildə Özbəkistanın kişi şahmatçılardan ibarət komandası olimpiadanın qızıl medalını qazandı. Heyətdə yüksək reytinqli bəzi şahmatçılar olmadığı halda gənclərlə böyük uğur əldə etdilər. Bizdə heç vaxt əvvəlcədən şahmatçıya “sən millidə oynayacaqsan” kimi vəd verilmir. Federasiya üçün önəmli Azərbaycan çempionatında, eləcə də ölkədə təşkil edilən yarışlarda iştirak və beynəlxalq turnirlərdə qazanılan nəticələrdir.

Onu da qeyd edim ki, son illər AŞF gənc istedadlı şahmatçılar üçün ən yaxşı şəraiti yaradıb. Onların istədikləri turnirlərdə iştirakı təmin olunur, yüksək səviyyəli məşqçilərlə işləməsinə kömək edilir. Ötən il dünya çempionatının finalçısı, tanınmış qrossmeyster Boris Gelfand gənc istedadlara təlim-məşq toplanışında rəhbərlik etmək üçün Bakıya dəvət olundu. Eyni zamanda, Vladimir Çuçelov kimi dünya səviyyəli mütəxəssis şahmatçılarla mütəmadi hazırlıq keçir. Bunun nəticəsidir ki, Azərbaycanda yeni istedadlı gənc nəsil yetişir və biz onları da milli komandaya cəlb etməliyik.

Cari heyətdə AŞF-nin qərarı ilə dəyişiklik edilib və gəncləşdirmə istiqamətində ilk addımlar atılıb. Məqsəd milli komandada təcrübəli və gənc şahmatçılardan ibarət mübariz heyət formalaşdırmaqdır. Dünya Kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbov kimi şahmatçı heyətdən kənarda qalıb. Olimpiadada Teymur Azərbaycan komandasına kapitan kimi kömək olacaq. Biz, həmçinin gənc şahmatçıları da yoxlamaq qərarına gəldik. Aydın Süleymanlı və Məhəmməd Muradlının nümayiş etdirdiyi inamlı oyunu qiymətləndirməmək mümkün deyil. Aydın 2024-cü il Azərbaycan çempionatının qalibidir. Məhəmməd Muradlı isə ölkə çempionatında ikinci yeri tutdu. Eyni zamanda, Məhəmməd BƏƏ-də təşkil edilən güclü beynəlxalq “Open” yarışında birinci yerə layiq görüldü. Ölkə çempionatının nəticələri həmişə bizim üçün prioritet sayılıb.

18 il əvvəl – 2006-cı ildə Turində keçirilmiş olimpiada ərəfəsində heyətdə dəyişiklik edildi. O vaxt Azərbaycan çempionatında ikinci yeri tutan və FIDE reytinqi 2300-ə yaxın olan 14 yaşlı Vasif Durarbəyli komandaya dəvət olundu. Çox təcrübəli qrossmeysterlər isə heyətə daxil edilmədilər. İndi isə Azərbaycan çempionatında ikinci yeri tutan Məhəmməd Muradlıya şans vermək istəyirik. Yeri gəlmişkən, 2022-ci ildə Naxçıvanda təşkil edilən Azərbaycan çempionatının finalında Məhəmməd Muradlı Vasif Durarbəyliyə qalib gələrək birinci yeri tutdu. Hamı bilir ki, Azərbaycan milli komandasının qapıları bütün şahmatçılar üçün açıqdır. FIDE reytinqi vacibdir, amma həlledici deyil. Reytinqi əsas götürmək olmaz. Millidə gənc istedadlara yer verilməlidir. Əsas məqsəd olimpiadada yaxşı nəticə qazanmaqdır. 2000-ci ildə də biz ölkə çempionunu birbaşa milliyə dəvət etmişdik. Həmin il Azərbaycan çempionu Şəhriyar Məmmədyarov komandaya cəlb olundu. Olimpiada ərəfəsində Zeynəb Məmmədyarova İspaniyada 18 yaşlıların dünya çempionatında qızıl medal qazandı və biz heyətdə dəyişiklik etməyə məcbur olduq. Son anda Zeynəb Məmmədyarova yığmaya dəvət olundu və olimpiadada iştirak etdi. Olimpiada şahmat üzrə ən nüfuzlu yarışlardan biridir. Şahmatçılar komanda mübarizəsi nümayiş etdirməklə uğur qazanmaq imkanı əldə edirlər. Biz milli komandada döyüşkən və əzmkar heyət formalaşdırmaq üçün çalışırıq.

– Milli komandaya ehtiyat şahmatçı kimi cəlb olunan Vasif Durarbəyli heyətdən narazı olduğunu bildirir. O, millidə oynamaq arzusunda olduğunu söyləyib…

– Bütün şahmatçılar kimi, Vasif Durarbəyli də daim dövlətin qayğısını hiss edib. AŞF mütəmadi olaraq ona lazımi köməklik göstərib. Hətta Mahir Məmmədov Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilməzdən öncə iş adamı kimi uzun illər Vasifə ilbəil böyük miqdarda maddi və mənəvi dəstəyini əsirgəməyib. Sadəcə, nəzərə almaq lazımdır ki, millinin heyəti hər il dəyişə bilər. Növbəti illərdə də gənc şahmatçılara milli komandada çıxış etmək imkanı yaradılacaq. Yəqin, Xaqan Əhməd barədə eşitmisiniz. Çox istedadlı yeniyetmədir. Beynəlxalq Şahmat Federasiyasının təsis etdiyi Şahmat Akademiyasında da təcrübə keçdi. Xaqan Əhməd belə davam etsə, biz illər öncə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vasif Durarbəyli və digərlərini milliyə dəvət etdiyimiz kimi, onun barəsində də müzakirələr aparacağıq. Reytinqindən asılı olmayaraq yeniyetmə və gənc şahmatçılar diqqətdə saxlanılır. Şahmatçının nümayiş etdirdiyi oyun önəmlidir. Azərbaycan milli komandasının heyəti müəyyənləşərkən şəxsi prinsipləri yaxın buraxmaq olmaz. Şəxsi fikirlər kənara qoyulmalıdır və obyektiv yanaşmaqla gənclərin milliyə yolunu açmaq lazımdır.

Bənzər xəbərlər