featured-image-18439

“Neftçi” – “Qarabağ” oyunundan (0:4) əvvəl və matç zamanı pirotexniki vasitələrdən istifadə etdiyi üçün iki azarkeşə 8 sutka həbs cəzası verilib. Saxlanılanlardan biri “İmarət Tayfa”, digəri isə “Qarabağ Ordu”nun üzvüdür.

Bu hadisədən sonra ölkənin əksər azarkeş qrupları qarşıdan gələn 2 oyunda iştirak etməyəcəklərini açıqladılar.

Bu gün Azərbaycan kubokunun 1\4 final mərhələsində iki önəmli görüş var. “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək, digər matçda isə “Qarabağ” Suraxanıda “Qəbələ” ilə qarşılaşacaq. Təbii ki, maraqlıdır, bu iki oyun pandemiya dövründə olduğu kimi ölü sükut şəraitində keçəcək, ya yox? Ola bilsin ki, neytral azarkeşlər fan-klubların bəyanatından xəbərsiz olsunlar və gedib stadionda matçı izləsinlər. Lakin hamı çox yaxşı bilir ki, arenalarda az-çox atmosfer yaradan məhz fan-klublardır. Adi azarkeş sakit şəkildə sırf tamaşaçı kimi oyuna baxmağa üstünlük verir.

İllərdir bar-bar bağırırıq ki, Azərbaycan Premyer Liqasına gələn yoxdur, oyunlar boş tribunalar önündə keçirilir. Əgər əvvəl əsas bəhanə regionlarda komandaların olmaması idisə, bu ildən böyük futbol Gəncə, Tovuz və Şamaxıya qayıtdı. Amma etiraf etmək lazımdır ki, bu da çempionatın izlənmə sayına ciddi təsir göstərmədi. Bu cür hadisələr isə – pirotexniki vasitədən istifadəyə görə 8 sutka cəzalanmaq tribunaya gələn tək-tük adamları da oradan qaçırır. Maraqlıdır ki, Avropa futbolunda stadionlara rahat şəkildə fişəng, digər pirotexniki vasitələr gətirmək olur. Xatirimdədir, “Nant” – “Qarabağ” görüşündə (2:1) hətta azərbaycanlı azarkeşlər meydana fişəng atdıqlarına görə oyun bir neçə dəqiqə dayandı.

Təəssüf ki, bizim çempionatın oyunlarında stadionlarda təhlükəsizliyə polislər nəzarət edirlər və onların çoxusunə etməli olduqlarını düz-əməlli bilmirlər. Dəfələrlə olub ki, baraban çalan azarkeşə “onun səsini kəs, başım ağrıdı” da deyilib, ayaq üstə oyunu izləyənlərə “otur” əmri də verilib.

PFL-ə yeni rəhbərlik və çempionata titul sponsoru gəldikdən sonra hiss olunur ki, Premyer Liqanın marka dəyərini artırmağa çalışırlar. Lakin bu məsələdə onlardan da bir reaksiya görmədik. Ölkənin əsas fan-klubları boykot qərarı veriblər, PFL isə susur, özünü sanki heç nə olmayıbmış kimi aparır, bu məsələyə toxunmaq istəmir.

Digər tərəfdən, indiyə qədər belə hallar olanda klub adətən hüquq -mühafizə orqanları ilə məsələni həll edir, hadisənin böyüməsinə imkan vermirdi. İndi görünür, “Qarabağ” da azarkeşlərinin içəri getməməsi üçün heç nə edə bilməyib.

AYXAN 

Bənzər xəbərlər