“Fasilədən sonraya daha hazırlıqlı olmağı planlaşdırırıq”
Futzal üzrə Yüksək Liqada yaranan fasilə ilə əlaqədar əksər komandalar istirahətə yollansa da, “Baku Fire” məşqlərini əvvəlki qaydada davam etdirir.
Msport.az xəbər verir ki, əsas rəqibləri ilə müqayisədə bir oyun az keçirən və qış fasiləsinə lider “Araz-Naxçıvan”dan 7, ikinci pillədə yer alan “Neftçi” İK-dan 5 xal geridə yollanan ölkə kubokunun son qalibi bu fərqi aradan qaldırmaq niyyətindədir. Bəs onlar yaranmış iki aya yaxın fasilədən və transfer pəncərəsindən necə faydalanmaq niyyətindədirlər? Sualımıza baş məşqçi Teymur Eyvazov detallı şəkildə aydınlıq gətirməsə də, ümumi şəkildə cavablandırmaqla kifayətləndir:
“2023/2024-cü il mövsümünün ilk yarısı (2 dövrəsi) başa çatsa da, komandamız istirahətə yollanmayıb. Oyunlar olmasa da, hal-hazırda məşqlərimizi davam etdiririk. Futzalçılarımızın formada qalması üçün həftədə 4 dəfə zalda məşqlər keçirik. Arxada qalan 9 oyunda axsadığımız məqamları gördük. Fasilədən sonraya daha hazırlıqlı olmağı planlaşdırırıq və bu səbəbdən yanvarın ilk günlərindən başlayaraq Bakı şəhərində təlim-məşq toplanışımız olacaq. Komandada əhval-ruhiyyə yüksəkdir, bunu məşqlər zamanı verilən tapşırıqların necə həvəslə yerinə yetirilməsindən də görürük. Sevidnirici məqamlardan biri də iki oyunçumuzun Azərbaycan millisinə dəvət alması, Rumıniya və Niderlanda qarşı görüşlərdə iştirak etməsi oldu. Çalışacağıq ki, bu göstərici tədricən artsın.
Hazırda əsas rəqiblərimizdən 1 oyun az keçirmişik. Həmin matçda qələbə qazanıb çempionatın qalan görüşlərini də yüksək səviyyədə keçirmək, bu mövsümü arzu etdiyimiz və layiq olduğumuz yerdə tamamlamaq istəyirik. Heyətimizi də gücləndirməyə çalışacağıq. Mümkün variantları nəzərdən keçirəcəyik, alınsa, transferlər edəcəyik”.
Qeyd edək ki, “Baku Fire” ötən mövsüm Yüksək Liqada bürünc medal qazanmaqla bərabər, həm də Azərbaycan kubokunun qalibi olub.