featured-image-5854

“Qəbələ” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq. Msport.az rəqibin 3 əsas, ulduz futbolçusunu təqdim edir.

KENAN KODRO 

media-Kenan-Kodro

Yaşı: 28 

Vətəndaşlığı: Bosniya və Herseqovina, İspaniya 

Heç şübhəsiz ki, heyətdə yer alan futbolçular arasında ən tanınmışı Kenan Kodrodur. Məşhur bosniyalı futbolçu və məşqçi Mexo Kodronun oğlu “Fehervar”a ötən il gəlib. O, buna qədər “Osasuna”, “Maynts”, “Qrasshoppers”, “Kopenhagen”, “Atletik Bilbao”, “Valyadolid” kimi tanınmış klublarda çıxış edib.

Kodro İspaniya La Liqasında 68 oyun keçirib və 10 qol vurub. Onun üçün Primeroda ən uğurlu mövsüm 2016-2017-ci illərdə “Osasuna”da forma geyinən zaman olub. Həmin vaxt hücumçu İspaniya çempionatında 28 matçda 7 dəfə fərqlənib.

Kenan Bosniya və Herseqovina millisində 10 oyunda 2 qol vurub. 28 yaşlı forvard ötən mövsüm “Fehervar”ın ən sərrast futbolçusu olub. 15 dəfə rəqib qapıçılarını məyus edən Kodro yalnız “Pakş”ın futbolçusu Adamdan geri qalaraq Macarıstan çempionatının 2-ci bombardiri olub.

ATİLLA FİOLA

media-E4P-1MqWEAU0nUP

Yaşı: 32 

Vətəndaşlığı: Macarıstan 

Bəlkə də Fiolanın adı əksər azarkeşlərə heç nə deməyəcək. Amma “Fehervar”ın sağ cinah müdafiəçisi Macarıstan yığmasının əsas oyunçularından sayılır. O, millidə 48 oyunda meydana çıxıb və 2 dəfə fərqlənib. Fiola 2 gün öncə Millətlər Liqası çərçivəsində keçirilən Macarıstanın İngiltərəni darmadağın etdiyi (4:0) görüşdə 90 dəqiqə meydan olub. Bundan başqa, o, iyunun 11-də Almaniya ilə matçı da (1:1) əvəzedilmədən keçirmişdi. Müdafiəçi Avro-2016 və Avro – 2020-nin iştirakçısı olub. Avro-2020-də Fransa ilə 1:1 hesabı ilə heçə-heçə başa çatan yadda qalan oyunda da komandasının yeganə qolunu Fiola vurmuşdu.

2016-cı ildən “Fehervar”ın şərəfini qoruyan futbolçu ötən mövsüm 26 oyunda meydana çıxıb.

 

YEVGENİ MAKARENKO

media-28354_mIwO4bLWnx_960px

Yaşı: 31

Vətəndaşlığı: Ukrayna

Makarenko artıq 5 ildir ki, Avropada oynayır. Əvvəlcə Belçikanın “Kortreyk” klubuna keçən dayaq yarımmüdafiəçisi bir il orda oynadıqdan sonra “Anderlext”ə transfer olunur.  Ancaq Belçikanın ən güclü klublarından birində heyətə düşməkdə çətinlik çəkir. “Anderlext” futbolçunu yenidən “Kortreyk”ə icarəyə verir. Makarenko 2020-2021-ci illər mövsümündə Belçika çempionatında 28 oyuna 3 qol vurur.

Ötən il isə “Fehervar” onu “Anderlext”dən cəmi 200 min avroya transfer edir. Makarenko son mövsümdə Macarıstan çempionatında 29 matçda meydana çıxıb. Bu göstəriciyə görə o, komandada 4-cü yeri tutur.

Avro-2020-də Ukrayna yığmasının heyətində olan futbolçu bu il DÇ-nin pley-off matçlarına və Millətlər Liqası görüşlərinə dəvət almayıb.

Bənzər xəbərlər