FİDE reytinqi: Teymurla Şəhriyar ilk “10-luq”dan kənarda
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Msport.az xəbər verir ki, bu dəfə də Azərbaycan şahmatçılarından heç biri ilk “10-luq”da yer almayıb.
Hesabında 2747 xal olan Teymur Rəcəbov əvvəlki kimi 11-ci yerdədir. Şəhriyar Məmmədyarovun da mövqeyi dəyişməyib. 37 yaşlı qrossmeyster 2740 xalla 14-cüdür. Qədir Hüseynov 84-cü yerdə qərarlaşıb (2661).
Sıralamaya yenə norveçli dünya çempionu Maqnus Karlsen (2859) liderlik edir. Çinli Dinq Liren (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü sıradadır.
Qadın şahmatçıların reytinq cədvəlində bir ay əvvəl olduğu kimi, Günay Məmmədzadə 21-ci (2472), Ülviyyə Fətəliyeva 38-ci (2428), Gövhər Beydullayeva 63-cü (2387) pillədə qərarlaşıblar. Xanım Balacayeva 71-ci (2379), Gülnar Məmmədova isə 74-cüdür (2376).
Hou Yifan (Çin, 2638) birinci, Aleksandra Qoryaçkina (Rusiya, 2576) ikinci, Hampi Koneru (Hindistan, 2572) üçüncü pillədə yer alıb.