FİFA-nın qərarına apellyasiyada baxılacaq
Belçika Kral Futbol Assosiasiyası (RBFA) ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğvi ilə bağlı FİFA-nın qərarından rəsmi şəkildə apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Msport.az xəbər verir ki, RBFA-nın bəyanatında FİFA-nın qərarının yarışın əsasnaməsinə birbaşa zidd olduğu vurğulanıb.
Assosiasiya rəhbərliyi bu qərardan şoka düşdüyünü bildirib və məsələnin həlli üçün bütün mümkün hüquqi addımların nəzərdən keçirildiyini qeyd edib.
Həmçinin Belçika Futbol Assosiasiyası FİFA-dan diskvalifikasiyanın ləğvi ilə bağlı qərarın tam əsaslandırılmasını, eləcə də Hakimlər Komitəsinin həmin epizod üzrə hesabatını tələb edib.
Qeyd edək ki, Baloqun 2026-cı il dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovina ilə oyunda birbaşa qırmızı vərəqə almışdı. Lakin FİFA sonradan futbolçunun avtomatik diskvalifikasiyasını ləğv edərək onu bir il müddətinə şərti cəzaya məruz qoyub. Bu qərarın ABŞ Preziednti Donald Trampın FİFA rəhbəri Canni İnfantinoya zəngindən sonra baş verdiyi iddia olunur.
Bu qərar sayəsində ABŞ millisinin bombardiri Belçikaya qarşı keçiriləcək 1/8 final görüşündə meydana çıxa biləcək.
Qarşılaşma iyulun 7-də keçiriləcək və Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.







