featured-image-12338

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. Azərbaycan çempionu səfərdə Almaniya Bundesliqasının lideri “Frayburq”la qarşılaşacaq.

Tanınmış ekspert, futbol meneceri Səbuhi Səfiyarlı rəqib komandanı Msport.az üçün incələyib:

“Frayburq”un Bundesliqanın lideri olması artıq hər şeyi deyir. Komanda hazırda çempionatda çox uğurlu çıxış edir və “Qarabağ”la qarşılaşdığı dönəm bəlkə də, mövsümdə ən yaxşı perioduna düşür. Ardıcıl qələbələr qazanıblar, komandada özünə inam var. Heyət də Bundesliqada lider olmağa yetərlidir. “Frayburq”un “Qarabağ” üçün çətinlik yarada biləcək amilləri odur ki, oyun ərzində çox taktiki dəyişikliklərə gedirlər. Tez-tez cinahlar yerlərini dəyişir. Matçın gedişində bir neçə dəfə oyun sxemini dəyişə bilirlər. Bu, xüsusən də hesabda irəli çıxdıqdan sonra baş verir. Meydanda olan bütün hadisələrə məşqçi dərhal reaksiya verə bilir. Bu baxımdan belə komandalara qarşı oynamaq bir az çətin olur. Çünki sən də məcburi olaraq, tez-tez yerdəyişmələr etməlisən, buna hazır olmayanda isə oyun sxemi pozula bilər.

Yalnız I turda “Borussiya Dortmund”a uduzduqları oyunda hesabda irəli çıxsalar da, meydanda demək olar ki, hansısa dəyişikliklər baş vermədi. Baş məşqçi Kristian Ştrayx fikirləşdi ki, hesabda öndəyəm, oyun da yaxşı gedir, heç nəyi dəyişmədi və nəticədə, 1:3 uduzdular. Belə başa düşürəm ki, bu, Ştrayx üçün bir siqnal oldu və o, növbəti görüşlərdə bir neçə dəfə oyun sxemini dəyişdi. Bu, həm taktiki düzülüşü, həm də futbolçulara verilən tapşırıqları dəyişmək deməkdir.

Üstəlik, qalib gəldikləri son qarşılaşmalarda 5 əvəzetmənin hamısından istifadə ediblər. Komandanın ehtiyat gücü də kifayət qədərdir ki, əvəzetmə edib oyunun gedişinə təsir göstərə bilirlər. “Frayburq”un demək olar ki, iki eyni gücə malik heyəti var. Bütün bu amillər rəqib komandalar üçün böyük çətinliklər yaradır. “Frayburq” standart vəziyyətlərdə də çox təhlükəlidir. Bu o demək deyil ki, hündürboy futbolçulardır, başla yaxşı oynayırlar. Standart vəziyyətlərdə topun oyuna daxil edilməsi və icrası çox təhlükəli olur.

İrəlidəki hücum üçlüyü xüsusi ilə seçilir və tez-tez yerlərini dəyişirlər. Komandanın vurduğu 10 qoldan 8-i Qreqoriç, Qrifo və Doan üçlüyü arasında bölünüb. Bu üçlü çox cəlddir, oyun boyu fəal olurlar. Müdafiənin sağ cinahında Killiann Sidiyanı qeyd etmək olar, tez-tez hücuma dəstək verir. Fikirləşsək ki, o cinahda Zubir çıxış edir və müdafiəyə o qədər də kömək etməyi sevmir, “Qarabağ” həmin mövqedə bir az problemlər yaşaya bilər”.

Səfiyarlı “Frayburq”un da bütün komandalar kimi zəif nöqtələrinin olduğunu deyir. Onun sözlərinə görə, Bundesliqanın lideri olmasının əsas səbəblərindən biri çempionatın əvvəlində daha çox aşağı sıralarda olan rəqiblərlə üz-üzə gəlmələridir:

“Qalib gəldikləri 4 komandadan üçü autsayderlər arasındadır. “Borussiya Dortmund”a uduzublar, güclü komandalardan yalnız “Ştutqart”ı məğlub ediblər. Həmin qələbə də çətinliklə başa gəldi.

“Frayburq”un zəif cəhəti kimi müdafiənin mərkəzini qeyd etmək olar. Həm üçlü, həm də dördlü oynayanda müdafiənin mərkəzi mobilliyi ilə seçilmir, cəld deyillər. Ona görə də həm “Borussiya Dortmund”, həm də “Bayer”lə matçlarda əsasən, həmin zonadan – müdafiənin mərkəzindən qol buraxdılar. Bunun da əsas səbəbi müdafiəçilərin ləngliyi idi. “Dortmund”, “Bohum”, “Bayer”lə görüşlərdə də qapıları qarşısında çox təhlükəli vəziyyət yarandı. Təzyiq altında olanda ya topu itirirlər, ya da təhlükə yaranmağa başlayır. “Frayburq”u sıxanda, qapısında qol epizodu yaratmaq olur. Qapıçı Mark Flekkeni qeyd etmək olar ki, hücumların qola çevrilməməsində onun böyük rolu oldu”.

 

Bənzər xəbərlər