"Futbol elədir ki, nə oyunu olur-olsun, qələbə istəyirsən" - Ayxan Abbasov
Azərbaycan millisi sabah Macarıstanın Sombatxey şəhərində Malta ilə yoxlama oyunu keçirəcək.
Msport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov bu gün jurnalistlərin suallarını savablandırıb.
– Millətlər Liqasından öncə son toplanışımızdır. Ağır çempionatın bitməsindən sonra futbolçuları belə istəkli, inamlı olması bizi sevindirdi. İki yoldaşlıq görüşümüz var: Malta və San Marino. Bütün futbolçuları iş başında görmək istəyirik. Arzumuz yaxşı nəticə və oyundur. Məşqlər bizə bu inamı verir. Futbolçular çox istəklidir. İnanıram ki, hər kəs iki oyunda da qələbə lazım olduğunu başa düşür. Buna baxmayaraq, oyunçulardan rahat olmalarını da istəyəcəyəm. Bütün futbolçulara şans verməyə çalışacağıq. Sabah maraqlı oyun olacağını düşünürəm.
– Rəqiblər Malta və San Marinodur. Belə komandaların seçilməsinin səbəbi nədir?
– İstədik ki, oyunlarımız Macarıstanda olsun. Bir çox komanda bura gəlməkdən imtina etdi. Bəziləri bizimlə öz meydanlarında oynamaq istədi. Bu məsələdə isə yol yorğunluğu amilini düşündük. Malta C Liqasındadır, San Marino isə D Liqasında. Millətlər Liqasında rəqiblərimizlə eyni gücdə olan komandalarla oynamaq istədik. Malta bir neçə gün əvvəl Slovakiyaya qarşı yoldaşlıq oyununda gücünü göstərdi. Biz də bu oyunları Millətlər Liqasına hazırlıq kimi düşündük.
– 11 ilə yaxındır, Maltanı məğlub edə bilmirik. Rəqib də 7-8 aydır, qələbə qazanmır. Sabah millidən müsbət nəticə gözləmək olar?
– Son oyunlarda Malta ilə statistika yaxşı deyil, sanki tərs rəqibdir. Amma bu matçlarda qələbə qazanmaq istəyirik. Onlar da bu niyyətlə meydana çıxacaqlar. Malta da futbolçularını sınaqdan keçirmək arzusundadır. İnanıram ki, maraqlı və sürətli oyun olacaq.
– Məşqçilər yoldaşlıq oyunlarında nəticəyə çox önəm vermir. Bəs sizin üçün necədir?
– Yoldaşlıq görüşlərinə fərqli yanaşırıq. Məsələn, rəsmi matçlarda çox əvəzetmə edilmir. Amma yoxlama oyununda risklər alınır. Futbol elədir ki, nə oyunu olur-olsun, qələbə istəyirsən. Sabah həm nəticə, həm oyun baxımından yaxşısını istəyirik. Daha əvvəl ancaq rəsmi matçlar ərəfəsində komanda toplaşırdı. Vaxt azlığından çox dəyişiklik etmək olmurdu. Sabah nəticəni ikinci planda düşünmək olar.
– Heyəti deyə bilərsiniz?
– İki oyunda fərqli “11-lik” olacaq. 25 futbolçu, 3 qapıçı ilə gəlmişik. Sabah Emil Balayev qapıda olacaq. Müdafiədə Anton, Bədavi, Bədəlov, cinahlarda Qismət, Elvin, orta xətdə Aleksey, Emil Səfərov, hücumda Toral, Xəyal və Mahirlə çıxış edəcəyik. Yenilik olsun deyə, heyəti dedik. İkinci matçda fərqli “11-lik”lə meydana çıxacağıq.
– Elvin Cəfərquliyevlə hansısa söhbətiniz olub?
– Elvinlə danışmışıq. Onun istəyini görürük, bəlkə də, böyük oyunlar üçün darıxıb. Belə matçlar onun üçün təkan olacaq. Elvin özünə yeni klub tapmalıdır. İnanıram ki, sentyabra qədər yeni komandasında oyun praktikasından əziyyət çəkməyəcək. Klubla arasında olan söhbətlərə çox qarışa bilmirik. İnanıram ki, klubu da Elvinin gələcəyini düşünəcək və şərait yaradacaq. O, Azərbaycan üçün vacib oyunçudur.







