Gənclər və İdman Nazirliyinin şöbə müdiri Azərbaycan futbolunu tənqid edib, Qurbanova dəstək oldu - FOTO
“Neftçi”nin sabiq vitse-prezidenti, indi Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsində çalışan Elnur Məmmədov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dəstək olub.
Msport.az xəbər verir ki, Məmmədov “facebook”-da özü birbaşa fikir yazmasa da, “Azərbaycan Futbolu” səhifəsini paylaşıb:
“Baxın, Azərbaycan futbolu nə haldadır. Bir də “Qarabağ”a baxın. Görün, bu adam belə bir futbolu olan ölkədən necə bir komanda formalaşdırıb, çıxarıb. Möcüzədir, vallah, möcüzə.
Bu adamın heykəli ucaldılsa da, azdır. Ona sağlığında layiq olduğu dəyəri vermək lazımdır. “Sürix”i keçsək də, keçməsək də, lap qrupa belə düşməsək də, heç bir fərqi yoxdur. Qurban Qurbanov etdiyini edib, illərboyu xarüqələr yaradıb. Adama layiq olduğu dəyəri verək”.
Maraqlııdr ki, Məmmədov Gənclər və İdman Nazirliyində mühüm post tutur və bu paylaşım çox şeydən xəbər verir. Yeri gəlmişkən, bu paylaşım edilən gün Elnur bəyin vaxtilə vitse-prezident olduğu “Neftçi” səfərdə “Aris”ə 0:2 hesabı ilə uduzmuşdu. Belə çıxır ki, Məmmədov dolayısı ilə “Neftçi”ni, eləcə də avrokuboklarda uduzan digər klublarımızı tənqid edir.