featured-image-32818

Musa Qurbanlı dünən sosial şəbəkədə “Qarabağ”la vidalaşdı. Millimizin üzvü karyerasını İsveçin “Yurqorden” klubunda davam etdirəcək.

Skandinaviyalılar bu gün 21 yaşlı futbolçunun transferini açıqlayacaqlar. Musanın “Qarabağ”ı “Yurqorden”ə dəyişməsi onun karyerası baxımından nə dərəcədə doğrudur? Gənc forvard soyuq İsveçə alışıb, komandanın aparıcı üzvü ola biləcəkmi?

Tanınmış meneceri Səbuhi Səfiyarlı Msport.az-a açıqlamasında bildirib ki, İsveç klublarında bu cür praktika çoxdur: “Onlar daha çox Afrika ölkələrinə meyl edirlər. Seneqal, Qanadan ora çox futbolçu gəlir. Hətta həmin Afrika ölkələrində klubların nümayəndələri də var. Federasiyalar arasında da razılaşma olmalıdır. Həm elit, həm də aşağı liqanın klubları öz səviyyələrinə görə bu cür proektlər həyata keçirirlər. Həmin liqada olan komandaların heyətlərinə baxdıqda çoxsaylı gənc afrikalı oyunçuları görmək mümkündür. Bəzən digər ölkələrə də diqqət yetirirlər. Bir ara gürcü futbolçuları da cəlb etmişdilər. Həmişə də bu səbəbdən skautlar Skandinaviya ölkələri çempionatlarını izləyirlər, bilirlər ki, Afrikadan gəlmiş istedadlı oyunçular var. Daha çox böyük beşlik ölkələri klublarının diqqətini cəlb etməyən, Afrikanın istedadına görə ikinci qatında olanlar gəlirlər. Böyük beşlikdən sonrakı ikinci “onluq”da qərarlaşmış klublar çox transferlər həyata keçirirlər. Belçika, Portuqaliya, Çexiya, Niderland kimi ölkələrin komandaları ordan futbolçu gətirirlər. Birbaşa böyük beşlik ölkələrinə getmək yox, arada bir liqa istifadə etmək üçün yaxşı transferdir.

Birbaşa ikinci onluqda olan ölkəyə getmək variantı olsaydı, daha yaxşı idi. Amma görünür ki, nə qədər maraq olsa da, danışıqlar hansısa mərhələyə çatmayıb. Üstəlik də, Musanın yaşı gedir. Çünki belə proekt transferlər müəyyən yaş həddinə qədər həyata keçirilir. O yaşı keçəndən sonra cəlbedici gəlmir. Görünür, Musa da şansı itirməmək üçün bu addımı atıb və İsveç çempionatından başlamağı qərara alıb. Elə ölkələr var ki, məsələn, Niderland – orada Avropa Birliyindən kənardan gələn futbolçunun minimum maaşı illik 300 min avro olmalıdır. Ondan aşağı maaşa oyunçu gətirə bilməzsən.

Bəhlul Mustafazadənin işi ilə məşğul olanda bu cür hadisələrlə çox üzləşdim. Yadınızdadırsa, Bəhlula da Danimarka çempionatından konkret təklif gəlmişdi. Həmin ölkələr bu cür proektləri həyata keçirməyə çox maraqlıdırlar. Onlar daha çox belə işlədiklərindən avrokuboklarda nadir hallarda sensasion nəticələrə imza atırlar. Çünki strategiyaları bir az fərqlidir. Klublar daha çox oyunçu yetişdirib pul qazanmağı düşünürlər. Komandanı gücləndirməkdən çox futbolçuların individual inkişafına diqqət yetirirlər. İkinci “onluq” ölkəsindən təklif yox idisə, deməli bu düzgün addımdır”.

AYXAN

Bənzər xəbərlər