Günəşli Bakıdan boz İsveçə - Musanı "Yurqorden"də nə gözləyir?
Musa Qurbanlının “Yurqorden”ə transferi dünən açıqlandı. Ölkə xaricində forma geyəcək azsaylı futbolçularımız sırasına Musa da qoşuldu. Özü də məncə, ən yaxşı vaxtında – 21 yaşda Azərbaycanı tərk edir. “Qarabağ”ın hücumçusunu hələ ötən il də istəyənlər var idi, lakin Qurban Qurbanov oğlunun hələ legioner həyatı yaşamağa hazır olmadığını bildirmişdi. İndi isə Ağdam klubunun baş məşqçisi onun gedişinə yaşıl işıq yandırdı.
Musanın təqdimat videosundakı çıxışına qədər ürəyimdə az da olsa şübhə var idi ki, İsveçə uyğunlaşa biləcəkmi? İsti Bakıdan sonra soyuq, boz Skandinaviya ölkəsinə alışmaq asan məsələ deyil. Lakin millimizin forvardının ingilis dilindəki təmiz danışığı mənə bir az təskinlik verdi. Ən azı o, dil baxımından İsveçdə ciddi problemlər yaşamayacaq. Hər kəs Qurban Qurbanovun necə tələbkar, intizamı sevən məşqçi olduğunu yaxşı bilir. Təbii ki, o, bu tələbləri oğluna həm ailədə, həm də komandada göstərib. Yəni Musa ölkə xaricinə yollanıb 2 aydan sonra “darıxıram” deyəcək kəslərdən deyil.
Kimin üçünsə İsveç çempionatı zəif görünə bilər. Amma gəlin real danışaq, Musanın 21 yaşda daha güclü liqaya, daha tanınmış kluba getməsi mümkün deyil. Azərbaycan futbolunun Avropadakı imici hər kəsə məlumdur. Əgər İtaliya A seriyasına yüksələn “Frazinone” rahat şəkildə 20 yaşlı gürcü futbolçu alırsa, azərbaycanlılar tərəfə heç gözlərinin ucları ilə də baxmırlar. Bu da təbiidir. İndiyədək Xviça kimi hansı legionerimiz gedib üzümüzü ağ edib ki? Ona görə də Qurbanlının “Yurqorden”ə getməyini qınamaq absurddur.
Hə, bundan sonrası artıq özünüdən asılı olacaq. Əgər Musa qısa vaxt ərzində əsas heyətdə özünə yer etsə, qollarını vursa, davamı da gələcək. İsveç liqası skautların ən çox izlədikləri çempionatlardandır.
Bizdən yalnız gənc oyunçuya xeyir-dua vermək qalır. Musa əmin olsun ki, bundan sonra Azərbaycanda futbol azarkeşlərinin hər biri artıq “Yurqorden”in də görüşlərini izləmək imkanları axtaracaq. Yəni orda darıxanda əmin olsun ki, bütün ölkə ona azarkeşlik edir və uğurlarını gözləyir.
AYXAN







