Həcilər Liqası
Sosial şəbəkələrdə oxudum ki, Ebru Gündəş Şəmkirdə sünnət toyuna 250 min dollara gəlib. Yadıma “Turan Tovuz”u “Huner Group” götürməmişdən əvvəl yazdığım status düşdü: “Şəbnəm Tovuzluya olan diqqət “Turan Tovuz”a göstərilsəydi, komanda indi avrokubokların qrupunda idi”.
Eyni sözləri aşağı-yuxarı Şəmkir haqqında da demək olar. Vaxtilə bu rayonun yetərincə güclü komandası olub, hətta Çempionlar Liqasında da ölkəmizi təmsil ediblər. Amma Şahbaz Süleymanov (Saşa) rəhmətə gedəndən sonra Şəmkirdə futbol komaya düşdü. Sonra isə tamamilə can verdi.
İndi Şəmkiri təmsil edən klub yalnız ikinci liqada təmsil olunur.
Halbuki birinci dəfə deyil ki, bu balaca rayona Sibel Canın, Ebrunun, rusiyalı məşhur ulduzların gəldiyini eşidirik.
Maraq üçün deyim ki, 250 min dollara təxminən “Qarabağ”da oynayan Leandro Andrade səviyyəsində futbolçu gətirib bir illik müqavilə bağlamaq olar.
Nə edək, haranın daşını başımıza tökək ki, bizim biznesmenlər şou-biznes əvəzinə, futbola pul buraxsınlar. AST Telman qılıncının dalı da, qabağı da kəsən vaxtlarda Cenifer Lopezi ad gününə gətirib stolun üstündə oxudub-oynadırdı. Bu bizim qanımızdadır ee, hara getsən, axırda Həci olub müğənni-aparıcı axtaracağıq.
Sonra da durub deyirik, Azərbaycan çempionatının oyunlarına niyə azarkeş gəlmir?
Azərbaycan Premyer Liqası ilə Xoşqədəmin, Ay Zaurun reytinqlərini heç yan-yana qoymaq mümkün deyil.
Hərdən adam fikirləşir ki, biznesmenlər Azərbaycan futboluna Şəmkirdə sünnətdə kəsilib atılan orqanın kiçik bir hissəsi qədər hörmət qoysaydılar, əməlli-başlı nəticə vermək olardı.
Rusiyada Media liqa çox populyardır. Əslində biz də çempionatımızı o formada keçirə bilərik. Şəbnəmin Tovuz komandası, Əlikramın Biləsuvarı, Baləlinin Maştağası və ya Pərvinin Salyanı. İnandırım sizi ki, hər oyunda ajiotaj olar.
Çempionatın da adını qoyursan, Həcilər Liqası.
AYXAN







