Hələ heç nə itirilməyib - "Qarabağ" - "Viktoriya" oyunundan 19 saat sonra
“Viktoriya Plzen”ə qarşı dünənki oyun 6 il əvvəlki qarşılaşmanı xatırladırdı. Yenə də topa nəzarət edən, təhlükəli vəziyyətlər yaradan Azərbaycan çempionu amma bütün bunları heçə çevirən qapıçı Stanek. Çexiya klubu “iyrənc oyun göstərdi”, “belə futbol olmur” deyənlərlə qəti razı deyiləm. Adamlar güclərini düzgün hesablamışdılar və bilirdilər ki, Bakıda başqa cür oynasalar, sonu yaxşı olmayacaq. Ümumiyyətlə, dünənki matç göstərdi ki, Mixal Bilekin komandası taktiki baxımdan çox irəli gedib. Bu cür müdafiə olunan klub Şahruddin Məhəmmədəliyevin qapısında bir neçə təhlükəli vəziyyət də yarada bildi. Təsadüfi deyil ki, çexlər artıq “Viktoriya”nı “Atletiko”, Bileki isə Dieqo Simeone ilə müqayisə edirlər.
Amma yenə o fikirdəyəm ki, “Qarabağ” 2016-cı ildəki “Qarabağ” deyil. Qurban Qurbanovun komandası “Lex”lə oyun istisna olmaqla, Çempionlar Liqasının cari mövsümündə səfərdə daha yaxşı oynadığını göstərib. Qurbanov özü də bir neçə dəfə etiraf edib ki, “biz ilk görüşdən sonra rəqibi bir az da yaxşı tanıyırıq və cavab matçı daha asan olur”.
Amma Plzendə asan duel gözləməyə dəyməz. Çexiyalı futbolçuların açıqlamalarını, yerli mətbuatın yazdıqlarını oxuyanda belə qənaətə gəlmək olar ki, “Viktoriya” heç öz meydanında da irəli çox çıxmayacaq. Bəlkə də stadart vəziyyətdən vura biləcəkləri bir qola ümid edəcəklər.
“Qarabağ”ın heyətində istənilən oyunun müqəddəratını həll edə biləcək Kadi, Zubir, Vadji kimi ustalıq səviyyəsi yüksək olan legionerlər var. “Plzen” çox təşkilatlanmış, əla müdafiə xəttinə, Qaşek kimi qapıçıya malik komanda olsa da, məhz bu cür liderləri yoxdur. Azərbaycan çempionunun əsas üstünlüyü də budur. Düzdür, çexiyalı ekspertlər Bakıdakı görüşdə Kalvaçın Kadini, Yemalkanın Şeydayevi zərərsizləşdirdiyini yazır, amma bunun hələ cavab matçı da var. Cücəni payızda sayarlar.
Ölkə reytinqi, “Qarabağ” adının Çempionlar Liqası platformasına çıxması – bütün bunları qoyuram bir kənara, ortada 16 milyon 300 min avro məsələsi var. Hətta orta səviyyəli klublar üçün də bu, az məbləğ deyil. “Lex”, “Sürix”, “Ferentsvaroş” ÇL-in qrupuna düşməyə məhz bonusa sahib olmaq üçün can atırdılar, nəinki ad-san, reytinq filan. Düzdür, Portuqaliyanın II liqasından gəlmiş Kadi, Norveçin heç də əsas klubunda oynamamış Vadji, ötən mövsüm Türkiyə I liqasında çıxış edən Ovusu kimi futbolçuların təbii ki, ÇL arzusu var. Amma eyni zamanda onlar qrupa düşməyə yaxşı mükafat almaq vasitəsi kimi də baxırlar. Bunun üçün isə “Viktoriya”nı səfərdə keçmək lazımdır. “Qarabağ” bunu bacaracaq gücdədir, amma gəlin tələsməyək və arxı tullanmamış “hop” deməyək.
ELNUR MƏMMƏDLİ