featured-image-34155

“Bilirdik ki, ağır görüş olacaq. Çünki yenidən qurulmuş komandamız var. Bəzi oyunçular sıralarımıza matça bir həftə qalmış qoşulublar. Ona görə də, bu çətinliyi gözümüzün qarşısından keçirirdik. Amma düşünürəm ki, layiqli mübarizə getdi. Hər iki komanda həm qələbə qazana, həm də məğlub ola bilərdi”.

Msport.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda Kipr “Omoniya”sına 2:3 hesabı ilə uduzduqları matçdan sonra “CBC Sport”a açıqlamasında deyib.

Təcrübəli mütəxəssis rəqibin het-trik edən futbolçusu Roman Bezusun çox təhlükəli oyunçu olduğunu bildirib. O, “qırmızı-qaralar”ın qapıçısı Kristof Atanqananın qollarda səhvinin olmadığını da söyləyib: “Qapıçımızın səhv etdiyini deməzdim. Analiz etmişdik və bilirdik ki, Bezus yüksək fərdi keyfiyyətlərə malik futbolçudur. Cərimə zərbələrindən əksərən fərqlənmək potensialı var. Lakin biz də rəqibə yaxşı qarışılıq verdik. Matç ərzində xeyli qol epizodları yaratdıq. Dəyərləndirə bilsəydik, nəticə fərqli olardı”.

Baxşıyev cavab qarşılaşmasında qapı mövqeyi ilə bağlı rotasiya etməyəcəyini də deyib: “Atanqana güvəndiyim qapıçıdır. Futbolçunun səhv etməsi normaldır. Onun arxasındayıq”.

Bənzər xəbərlər