"Hər təklifi dəyərləndirmək olmur" - Aftandil Hacıyev
“Kəpəz”in baş məşqçi postuna namizədlərdən biri də Aftandil Hacıyevdir. Dörd il “Səbail”də işləyən mütəxəssis mövsümün əvvəlində bu komandadan ayrıldı. 41 yaşlı məşqçi Msport.az-a açıqlamasında Gəncə təmsilçisindən rəsmi təklif almadığını dedi:
“Kəpəz” rəhbərliyi ilə danışığımız olmayıb. Amma mən də eşitmişəm ki, namizədlər siyahısında adım var. Lakin rəsmi söhbətimiz olmayıb”.
Maraqlıdır, Aftandil Hacıyevə rəsmi dəvət gəlsə, o, “Kəpəz”də işləməyə razılıq verəcəkmi?
“Hər təklifi dəyərləndirmək də olmur. Baxmaq lazımdır, şərtlərə, təklifə. İstəyirəm daha iddialı, gələcəklə bağlı müəyyən planları olan komanda olsun.
Şahin Diniyevin son anda “Kəpəz”lə razılığa gəlmədiyini eşitdim. Billmirəm, nəyə görə belə oldu. Ümumiyyətlə, bu gün Premyer Liqada çıxış etmək xatirinə çıxış etməyi doğru hesab etmirəm. Söhbət təkcə nəticədən də getmir. Ola bilər ki, klub nəticə üçün oynamasın. Ancaq elə şeylər var ki, peşəkarlıq olmalıdır. İndi Premyer Liqa 20-25 il əvvəlki səviyyədə deyil. Bu gün bizim çempionatda avrokubların qrup mərhələsində oynayan komanda var, legionerlərin sayı artıb. Artıq meydanda 7 əcnəbi futbolçunun olmasına icazə verilir. Heç bir komanda risk edib boşluğa yol vermək istəmir. Əgər ciddi işlər görmək istəyən klub olsa, əlbətə, təklifi dəyərləndirərəm”.