featured-image-24327

“Şamaxı” ardıcıl 2-ci oyundur sensasiyaya imza atır. Ötən tur öz meydanında “Sabah” üzərində qələbə qazanan əyalət klubu dünən az qala “Zirə”ni məğlub edəcəkdi. Bu həmin “Şamaxı”dır ki, mövsümün əvvəlində aşkar autsayder olacağı heç kimdə şübhə doğurmurdu. Komandaya yeni rəhbərlik gəldi, büdcə dəyişdi və legionerlərdən imtina olundu. Baş məşqçi postu isə Premyer Liqa təcrübəsi olmayan Cavid Hüseynova (Hüseynovun Pro kateqoriyası olmadığı üçün sənəd üzərində baş məşqçi Vüqar Əsgərli göstərilir) tapşırıldı.

Hazırda “Şamaxı”nın ən ödənişli futbolçuları Amil Yunanov, Elvin Məmmədov, Rəşad Əzizli kimi təcrübəlilərdir. Digər futbolçuların maaşı isə Azərbaycan səviyyəsində belə çox aşağıdır. Amma Hüseynovla Əsgərli vahid kollektiv yarada bildilər. Adətən məşqçilər duetinin idarə etdiyi komandalarda intriqalar yaranır, birinin sözü digərinin boğazından keçmir. “Şamaxı”da vəziyyət fərqlidir, indiyə qədər bu klubdan neqativ xəbərlərin mətbuata çıxdığını görməmişik. Əgər “Kəpəz”də hər həftə hansısa hadisə baş verirsə, “Şamaxı”da bu baxımdan problem yoxdur. Heyətində bir legioner belə olmayan klub büdcəsinə görə ölkənin 2-3-cü komandası sayılan “Sabah”ı meydana çıxmağa peşman edir.

Dünən isə “Şamaxı” ən çox legioneri olan (14) klubu – “Zirə”ni səfərdə büdrədə bildi. Düzdür, oyundan sonra Rəşad Sadıqov “rəqib qapı istiqamətinə zərbə endirmədi, ancaq iki qol vurdu” desə də, müdafiə olunarkən yol verdikləri səhvləri unutdu – Mehdi Cənnətovla Hamdauinin anlaşmazlığı, Çantakiasın cərimə meydançasında kobud oynayıb penaltiyə səbəb olması. Ümumiyyətlə, dəfələrlə bunu vurğulamışıq ki, “Zirə”nin əsas problemlərindən biri qapıçı məsələsidir. Qarşısına ciddi hədəflər qoyan komanda Cənnətov və Anar Nəzirovla çox da irəliləyə bilməz.

Amma bu gün mövzumüz “Zirə” yox, “Şamaxı”dır. Çox istərdim ki, əyalət təmsilçisi mövsümün sonunda  Premyer Liqada axrıncı yeri tutmasın. “Şamaxı” 10-cu olmasa sübut edəcək ki, bizim çempionatda ancaq yerli futbolçularla da oynamaq mümkündür. Bəlkə də bu, digər klublar üçün “pis” örnək olacaq. Çünki gələn mövsüm orta sıralarda olan istənilən klubun prezidenti fikirləşə bilər ki, “niyə pul xərcləyək? Onsuz da legioner gətirmədən də çempionatda qalmaq olur da”.

“Şamaxı”nın uğurlu olmasının səbəblərindən biri də rəhbərliyin məşqçilərin işinə müdaxilə etməməsidir. Klubun İdarə Heyətinin sədri Elçin Usub vaxtilə AFFA-da işləyib və bu sahədə kifayət qədər təcrübəli kadrdır. O, yaxşı başa düşür ki, Hüseynovla Əsgərli indi məşqçi kimi “acdırlar” və onlara imkan yaradılmalıdır ki, özlərini göstərsinlər.

“Şamaxı” bu cür davam etsə və ən əsası gələn mövsüm büdcəni bir az artırsalar, daha yüksək yerlər uğrunda mübarizə apara bilərlər.

AYXAN 

Bənzər xəbərlər