featured-image-16573

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq. Msport.az Azərbaycan çempionunun rəqibini sizə təqdim edir.

“Gent” Belçikanın və ümumiyyətlə, Avropanın ən qədim klublarından biri sayılır. Klubun yaranma ili kimi 1886-cı il göstərilir. Amma həmin vaxt daha çox yüngül atletikaya fikir verilirdi və idman gimnastika cəmiyyəti yaranmışdı. Futbol bölməsi isə 1900-cü ildə təsis edilir.

NİYƏ HİNDULAR VƏ CAMIŞLAR?

“Gent”in qeyri-adi loqosu yəqin ki, sizin də diqqətinizi cəlb edib. Bir Avropa komandasının loqosunda niyə hindunun başı əks olunsun ki? Bunun da özünəməxsus tarixi var. loqonun yaranma tarixi 1906-cı ilə təsadüf edir. Həmin vaxt məşhur amerikalı şoumen Baffalo Bill “Vəhşi Qərb” şousu ilə Belçikaya qastrol səfərinə çıxıb. Sirk arabalarının üzərində hinduların şəkli var imiş. Bu yerli əhalinin o qədər xoşuna gəlir ki, onlar öz klublarının emblemində də bu rəsmin yer almasını istəyirlər.

media-1589148671132_r

Hindu ağ fonda mavi rəngdə çəkilib. Bu həm də klubun rənglərini xarakterizə edir. “Gent” adətən ağ-mavi geyimdə meydana çıxır.  Hindunun sağ tərəfə baxması isə klubun gələcəyini göstərir.

Bundan başqa, Baffalo Billin şousunda camışlarla bağlı çıxış da olub. Səbirsizliklə şounu gözləyən tamaşaçılar “Baffalo, Baffalo” deyə qışqırırmışlar. Bu isə camışlar kimi tərcümə olunur. O vaxtdan “camışlar” “Gent”in ləqəbinə çevrilib.

İLK UĞUR VƏ AVROKUBOKLARDA DEBÜT

media-48666

“Gent”in ilk uğurları 1950-ci illərə təsadüf edir. Həmin vaxt komanda Belçika çempionatında 3 dəfə bürünc, bir dəfə isə gümüş medal qazanıb. “Camışlar” 1964-cü ildə ilk titullarını qazanırlar. “Gent” ölkə kubokunun finalında “Dist”i 4:2 hesabı ilə məğlub edir. Həmin vaxt Erix Lambert komandanın ən yaxşı oyunçusu hesab olunurdu. O, ardıcıl 6 mövsüm klubun ən sərrast futbolçusu olur. “Gent” ölkə kubokundakı qələbə sayəsində Kuboklar Kubokunda çıxış etmək imkanı qazanır. Ancaq püşk onların üzünə gülmür. Artıq birinci mərhələdə turnirin gələcək qalibi İngiltərə “Vest Hem”i  rəqib olur. “Gent” layiqli müqavimət göstərsə də, iki oyunun nəticəsinə görə, məğlub olur – 0:1, 1:1.

Armand Seqers “Gent”in əfsanələrindən biridir. 1949-1966-cı illərdə komandanın qapısını qoruyan Seqers 507 oyunda meydana çıxıb. O, Belçika millisinə də dəvət olunub. Seqers yığmadakı debüt oyununda fransızların penaltisini dəf edərək prinsipial rəqiblə qarşılaşmada Belçika yığmasına 1:0 hesabı ilə qələbə qazandırıb. O, 1959-cu ildə Belçika çempionatının ən yaxşı qapıçısı seçilib. Onu fərqləndirən əsas cəhətlərdən biri meydana kepka ilə çıxması idi. Qolkiper seyv edəndə baş geyimi yerə düşürdü ki, bu da azarkeşlərin marağına və sevincinə səbəb olurdu.

TARİXDƏ İKİNCİ UĞUR 

“Gent” 1967-ci ildə I liqaya yuvarlansa da, bir ildən sonra elitaya qayıdaraq bürünc medal qazana bilir. Lakin bu dəfə də Avropadakı çıxış uğursuzluqla nəticələnir. “Camışlar” iki oyunun nəticəsinə görə, “Hamburq”a 1:7 hesabı ilə uduzur. O vaxtdan “Gent” aşağı- yuxarı divizionları gəzməyə başlayır. Komanda 1984-cü ildə tarixində ikinci dəfə Belçika kubokunu qazanır. “Gent” finalda əsas heyətin bir çox futbolçuları danışılmış oyunlarda ittiham olunduqları üçün gənclərlə meydana çıxan “Standart”ı 2:0 hesabı ilə məğlub edir. 1989-cu ildən elitaya yüksələn komanda yerini möhkəmləndirir.

“Gent” 1990\91-ci illər mövsümündə UEFA kubokunda pis çıxış etmir. Komanda “Lozanna”, “Ayntraxt” və Moskva “Dinamo”sunu keçsə də, 1\4 finalda turnirin gələcək qalibi “Ayaks” tərəfindən dayandırılır.

İFLAS HƏDDİNDƏ 

“Gent” 1998-ci ildə stadionun yenidərqurmasına və yeni məşq kompleksinin tikintisinə böyük pullar ayırdığından iflas həddinə gəlib çıxır.  Klubun keçmiş prezidentinin vergi borcları da bir tərəfdən… Klub qısa vaxt ərzində 920 miıyon Belçika frankı tapmalı idi. Bu indiki kursla təxminən 23 milyon avro edir. “Gent”in yeni sahibi İvan De Vitte yeni sponsor axtrışına çıxır. VDK şirkəti borcların böyük hissəsini ödəməyə o şərtlə razılıq verir ki, klubun maliyyə idarəçiliyinə nəzarət onlara verilsin. De Vitte bununla razılaşır və “Gent” iflasdan qurtula bilir.

Həmin vaxtdan “Gent” artıq gənc istedadları alıb müəyyən müddətdən sonra yaxşı qiymətə satmağa başlayır. 2000-2010-cu illər arasında “Gent” 45 milyon avro dəyərində futbolçu satır. Bunun sayəsində də borclarını tam ödəyib qurtarırlar.

KLUBUN TARİXİNƏ DÜŞƏN VANXAZEBRUK

“Standart”ı çempion edən əfsanəvi qapıçı Mişel Prüdomm 2008-ci ildə “Gent”in sükanı arxasına keçir. Prüdomm bir il sonra “Gent”i Belçikada 2-ci edir və ölkə kubokunu qazanıdırır. Çempionlar Liqasının təsnifat mərhələsində debüt edən komandanın bəxtinə Kiyev “Dinamo”su düşür. Valeri Qazzayevin rəhbərlik etdiyi heyətində Şevçenko, Milevski, Yarmolenko, Qusev kimi futbolçular olan Ukrayna klubu iki görüşün nəticəsinə əsasən, 6:1 hesabı ilə qələbə qazanır.

media-hein-vanhaezebrouck-cropped_jq61o7lh6l2e1gze3jwffi9tz

“Gent” 2014-cü ildə ilk dəfə Belçika çempionu olur. Komanda Çempionlar Liqasında da 1\8 finala kimi irəliləyərək diqqət mərkəzinə düşməyi bacarır. 8 il öncə kluba ilk çempionluq yaşadan Heyn Vanxazebruk hazırda da “Gent”in sükanı arxasındadır. 58 yaşlı mütəxəssis bir il gedib “Anderlext”də işlədikdən sonra 2020-ci ildə yenidən “ağ-mavi” kluba qayıdıb. Vanxazebruk klub tarixinin ən uğurlu məşqçisi hesab olunur.

LİDERLƏR

Bu mövsüm Uqo Köypers əla performansı ilə seçilir. “Mexelen”dən transfer olunan 25 yaşlı forvard Belçika çempionatında 15 oyunda 9 qol vurub. O, ötən mövsüm “Mexelen”in heyətində də 13 dəfə fərqlənmişdi. Hücumçu “Qarabağ”ın Avropa Liqasında rəqiblərindən olmuş “Olimpiakos”da da qısa müddət oynayıb.

media-d0cf2c3af0db5dc2c899219b174e2fe3

23 yaşlı Honq Hyun-Seok da klubun əsas oyunçularındandır. Cənubi Koreyalı yarımmüdafiəçi bu il Avstriyanın LASK komandasından transfer edildi. Honq Avstriya çempionatında bir dəfə belə fərqlənməsə də, “Gent”də artıq 13 oyuna 4 qol vurub və komandanın ikinci ən sərrast futbolçusudur.

Komandada xüsusi çəkiyə malik futbolçulardan biri 33 yaşlı Loran Depuatrdır. O, fasilələrlə 7-ci mövsümdür ki, “Gent”də çıxış edir. Təcrübəli hücumçunun karyerasında “Portu”, “Haddersfild” kimi klublar da olub.

Sven Kums da komandanın veteranlarındandır. 34 yaşlı yarımmüdafiəçi də 7-ci mövsümdür “Gent”in formasını geyinir. O, “Udineze” və “Anderlext”in də şərəfini qoruyub.  Kums komandanın ən yaşlı oyunçularından olsa da, demək olar ki, əksər görüşlərdə 90 dəqiqə şans əldə edir.

NORVEÇ FUTBOLUNUN GƏLƏCƏYİ “GENT”DƏ İTİB-BATIR 

Bir vaxtlar Norveç futbolunun gələcəyi hesab olunan Yens Hauqe indi “Gent”də gün keçirir. “Milan” 2020-ci ildə vingeri 5 milyon avroya transfer etsə də, o İtaliya nəhəngində möhkəmlənə bilmədi. “Rossyoneri” 2021-də onu “Ayntraxt”a icarəyə verdi. Bu ilin mayında Frankfurt klubu Hauqenin transfer hüquqlarını “Milan”dan aldı və onunla 2026-cı ilə kimi müqavilə bağladı. Amma yavaş-yavaş ulduzu sönən futbolçu burda da rəqabətdə uduzdu və indi də icarə əsasında “Gent”də çıxış edir. Hauqe bu mövsüm Belçika çempionatında 7 oyunda meydana çıxsa da, fərqlənə bilməyib. Amma insafən qeyd edək ki, o, demək olar ki, heç bir qarşılaşmada 90 dəqiqə şans əldə etmir.

“Gent” son turda Çempionlar Liqasında uğurla çıxış edən “Brügge” üzərində öz meydanında qələbə qazandı – 2:0. Görüşün ən diqqət çəkən məqamı 4 il “Gent”də keçirən Roman Yaremçukun bu dəfə “Brügge”nin formasında “Qelamko Arena”ya çıxması idi. Meydan sahiblərinin azarkeşləri ukraynalı futbolçuya sürpriz hazırlamışdılar: Tribunada “Satqınlara ölüm, Yaremçuk İudadır” pankartı diqqəti cəlb edirdi.  “Gent” matçdan sonra rəsmi  saytında azarkeşlərin hərəkətinə görə Yaremçukdan üzr istədi. “Gent”də 152 oyunda 61 qol vuran hücumçu klub tarixinin 9-cu ən çox fərqlənən futbolçusudur.

media-gent-club-brugge-2

  • “Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik 2013-2014-cü illərdə “Gent”i çalışdırıb.
  • Dünyanın ən yaxşı futbolçularından sayılan “Mançester Siti”nin və Belçika yığmasının yarımmüdafiəçisi Kevin de Brüyne gənc yaşlarında 6 il “Gent”də keçirib.

AYXAN

 

 

Bənzər xəbərlər