İcraiyyə Komitəsinin iclası keçirildi
Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
Msport.az xəbər verir ki, federasiya prezidenti Mahir Məmmədovun sədrliyi ilə keçirilən toplantıda İcraiyyə Komitəsinin üzvləri, I vitse-prezident Faiq Həsənov, vitse-prezident Seymur Talıbov, Sərxan Həşimov, Cahangir Ağarəhimov, Aynur Sofiyeva, Elnur Əliyev, o cümlədən baş katib İlahə Qədimova, müxtəlif komissiyaların, şöbələrin rəhbərləri və məşqçilər iştirak ediblər.
İclasda 2024-cü ilin təqvim planı müzakirə edilərək təsdiq olunub. Mahir Məmmədov klassik şahmatda təcrübə azlığının milli komandaya təsirindən danışıb. Yığmanın heyətini müəyyənləşdirərkən yeni qaydalar barədə fikir mübadiləsi aparılıb.
Yekunda 1 noyabr 2023-cü il – 1 iyul 2024-cü il tarixlərini əhatə edən müddət ərzində milli üzvləri üçün minimum 18 klassik şahmat partiyasında iştirakla bağlı şərt qəbul edilib.
Qadınlardan ibarət yığmanın məşqçisi Yevgeni Tomaşevski qarşıdan gələn Avropa çempionatına hazırlıq barədə hesabatla çıxış edib və İcraiyyə Komitəsinin üzvlərini maraqlandıran suallara cavab verib.
Ardınca Mahir Məmmədov milli komandalara lazımi şəraitin yaradıldığını bildirib. AŞF rəhbəri yığmalarla işləmək üçün bu sahədə təcrübəsi olan psixoloqlara ehtiyac olduğunu söyləyib.
İcraiyyə Komitəsinin üzvü Aynur Sofiyeva uşaq və qadın sığınacaqlarında şahmat dərslərinin keçilməsi və bölgələrdə istedadlı uşaqların seçilməsi üçün onlayn şahmat məktəbinin yaradılması ilə bağlı təklif irəli sürüb. Federasiyasının onlayn şahmat məktəbinin konsepsiyasının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.
Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin növbəti iclasının dekabrda keçirilməsi ilə bağlı qərar qəbul edilib.