featured-image-16203

Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Çempionlar Liqasının E qrupunun 6-cı turunda “Çelsi” ilə matçda 70-ci dəqiqədə meydana daxil olub.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xxəbər verir ki, millimizin üzvü 1:2 hesabı ilə uduzduqları görüş haqqında fikirlərini bildirib:

“Bizim üçün həqiqətən də ağır oyun oldu. Ancaq görüşə çox yaxşı başladıq. Xüsusən də ilk hissənin ilk 15 dəqiqəsini yaxşı oynadıq. Lakin rəqibimiz böyük komandadır və biz bunu gözəl başa düşürük. Bəzi epizodlarda konsentrasiyanı itirirdik və nəticədə qapımızda qollar görürdük”.

Həmyerlimizin sözlərinə görə, “Dinamo” “Çelsi” ilə qarşılaşmada 1 xal qazana bilərdi: “Oyunda elə anlar oldu ki, dominant biz idik. Bəzi anlarda isə üstünlük onların tərəfinə keçirdi. Rəqib ikinci hissəyə çox yaxşı başladı. İkinci qolu vurub səfərdən 1 xalla ayrılmaq üçün bir neçə imkanımız oldu. Amma yekunda “Çelsi” qalib gəldi və onları təbrik edirəm”.

Millimizin üzvü qrupda sonuncu yeri tutmalarına da münasibət bildirib: “Niyə belə olduğunu demək çətindir. Biz səhblərimizi oturub təhlil etməliyik. Amma bu artıq keçmişdə qaldı. Biz bunu bir təcrübə kimi qəbul edib qarşıdakı oyunlara köklənməliyik”.

Emreli “Stemford Bric”də komandaya böyük dəstək olan “Dinamo” azarkeşlərindən də danışıb: “Mən bir çox komandalara qarşı oynamışam, buna qədər iki klubda çıxış etmişəm. Lakin “Dinamo” azarkeşləri həqiqətən möhtəşəmdirlər. Onlar sonadək komandaya dəstək olurlar, fərq etmir, hesabda irəlidəyik ya uduzuruq.  Onlar həmişə yanımızdadılar. Hər zaman onların dəstəyini hiss edirik.  Onlara təşşəkkür etmək üçün oyundan sonra hələ on dəqiqə də fanatlarla birgə qaldıq. Çünki onlar o boyda məsafə qət edib Londona bizə dəstək olmağa gəlmişdilər. Onlara təşəkkür edirəm”.

Xatırladaq ki, “Dinamo” qrupda sonuncu yeri tutaraq avrokuboklarda mübarizəni dayandırıb.

Bənzər xəbərlər