İlin lətifəsi və ya Azərbaycan futbolunun reallığı
AFFA İcraiyyə Komitəsinin üzvü, XİN-in sabiq rəhbəri Elmar Məmmədyarov iki dəqiqənin içində Azərbaycan futbolunu bir-birinə vurdu. Demək, adam bir saat iclasda olub, müzakirələri dinləyib və sonda hansı qərar verildiyini anlamayıb.
Bir tərəfdən Elmar müəllimi qınamıram, o vaxt zəhləm gedən dərs olanda mən də müəllimə özümü qulaq asırmış kimi göstərərdim, fikrim də qalırdı paralel siniflə oynayacağımız futbolda, ya da Universamdan alacağım 15 qəpiklik limonadla kojikdə. Hərdən də arxada oturanda başlayırdım şəkil çəkməyə, hərçənd indiyə kimi düz-əməlli bir şey çəkməyi öyrənmədim.
İndi başa düşürəm, keçmiş diplomat üçün də AFFA-nın iclaslarında oturmaq məşəqqətdir, zülümdür, darıxır. Ürəyində də deyir ki, “axı mənim burda nə işim var, indi bağda oturub özüm üçün basseynin qırağında meyvədən muşqulat edirdim də”. Hətta bir dəfə Məmmədyarovu İTV-də futbolla bağlı verilişə dəvət etmişdilər, qayıdıb demişdi ki, “qoy futbolu bilənlər gəlsin”. Və bu adam AFFA İcraiyyə Komitəsinin (İK) üzvüdür. Azərbaycan futbolunun gələcəyi ilə bağlı ən önəmli qərarlar da taleyin ironiyasından məhz İK-də qəbul edilir.
Əslində İcraiyyə Komitəsində çoxdan islahatlar aparılmalı, həqiqətən də futbolun içində olan, prossesləri izləyən şəxslər ora cəlb olunmalıdır. Yoxsa, necə ola bilər ki, iclasa qatılasan və çıxarılan qərardan xəbərin olmaya? Məmmədyarovun mediaya verdiyi “gələn mövsüm Premyer Liqada 12 klub olacaq” açıqlamasından sonra aləm bir-birinə dəydi. AFFA-nı idman prinsiplərini pozmaqda ittiham edənlər, 2 aya komanda sayının artırılmasının yanlış olduğunu deyənlər yan-yana düzüldülər. AFFA rəhbərliyi başa düşməlidir ki, Elmar Məmmədyarov kimi adamların İK-də olması, elə birinci növbədə onların özlərinə ziyandır.
Həmin xəbər yayılandan sonra “Şamaxı” və “Zaqatala” tərəfinin reaksiyasını görmək istərdim. Bəlkə də həmin rayonlarda muştuluq verənlər də olub, dost-tanışa qonaqlıq vəd edənlər də. Yaxşı ki, bizdə futbol Cənubi Amerika və ya elə Türkiyə səviyyəsində dəlicəsinə sevilmir. Yoxsa, baş katib Sərxan Hacıyev Məmmədyarovun dediklərini təkzib edəndə ürəyi tutub ölənlər də ola bilərdi. Yenə də yaxşı qutardıq.
Amma istənilən halda AFFA İcraiyyə Komitəsi dəyişməlidir. Rəhbərlik etdiyi məktəbdə “ölü canlar” saxlayan Kazbek Tuayev, “ne rıba, ne myaso” Vaqif Sadıqov, evdən işləməyi sevən Elmar Məmmədyarov, təkəbbürü yerləri-göyləri silkələyib, amma tərcümeyi-halını yaza bilməyən İsgəndər Cavadov və adını çəkmədiyim digərləri orda olmalı deyil.
AYXAN







