“İlk hədəf “Neftçi”ni məğlub etməkdir" - Şenol Günəş
Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş UEFA Konfrans Liqası II təsnifat mərhələsində qarşılaşacaqları “Neftçi” görüşündən danışıb.
Msport.az xəbər verir ki, 71 yaşlı mütəxəssis bu həftəsonu startı veriləcək Türkiyə Super Liqasının yeni mövsümünə hazır olduqlarını bildirib. Baş məşqçi əvvəlcə “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsi görüşünə köklənəcəklərini söyləyib:
“İlk hədəf “Neftçi”ni məğlub etməkdir. Bakıdakı oyundan sonra Super Liqa matçına hazırlaşacağıq. Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Artıq tempi artırmaq zamanıdır. Heç kimin əsas heyətlə bağlı zəmanəti yoxdur, hər kəs rəqabətə hazır olsun. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.
“Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da baş tutacaq. İstanbul təmsilçisi Super Liqanın I turunun matçını avqustun 14-də “Fatih Karagümrük”ə qarşı keçirəcək.







