İlk oyunda gördüklərimiz - Komandaların sayının artırılmasının müsbət tərəfləri
Azərbaycan Premyer Liqasında 2022-2023-cü illər mövsümü start götürdü. Turun açılış matçında Gəncədən uzaq düşən “Kəpəz” “Dalğa Arena”da “Zirə”ni qəbul etdi.
Konfrans Liqasında “Makkabi Tel Əviv”lə qarşılaşan Rəşad Sadıqovun komandası nominal meydan sahiblərini məğlub etsə də, 3 xal heç də asan başa gəlmədi. Hətta “Zirə” bu matçda məğlub da ola bilərdi.
Beş illik fasilədən sonra Premyer Liqaya qayıdan “Kəpəz”in heyəti tam komplektləşməyib, komandanın yetərincə kadr problemləri var, lakin Gəncə klubu heç də pis təsir bağışlamadı. Hətta görüşün müəyyən hissələrində rəqibi üstələyə də bildilər.
Çempionatın ilk oyunundaca komandaların sayının 10-a çatdırılmasının müsbət tərəflərini görə bildik. Düzdür, büdcə, stadion problemləri ilə bağlı gəncəli azarkeşlər son vaxtlar xeyli bədbin olsalar da, “Kəpəz” gösrərdi ki, komanda döyüşəcək, mübarizə aparacaq. İndi isə gələk komandaların sayının artırılmasının müsabət tərəflərinə.
Mixail Erqemlidze ötən mövsüm “Sabah”da nə qədər şans əldə etsə də, bundan yararlana bilmədi. Hətta bir ara hücumçu “Sabah-2″də I divizionda çıxış etməli oldu. Paytaxt klubu 3 il müqavilə bağladığı gürcü forvarddan qurtulmaq üçün xeyli əziyyət çəkdi. Sonda tərəflər ortaq məxrəcə gəldilər və müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Amma Erqemlidze dünən göstərdi ki, onun yeri “Sabah” olmasa da, “Kəpəz” kimi klublarda rahat oynaya bilər. Deməli bunun üçün hər kəs özünə uyğun klub tapmalı və ən əsası yetərli oyun təcrübəsi qazanmalıdır. 22 yaşlı futbolçu “Zirə” ilə qarşılaşmanın ən yaxşılarından idi. Erqemlidze “Sabah”ın heyətində şans qazandığı 12 görüşdə qol vurmasa da, Gəncə klubunda debüt matçındaca fərqləndi.
33 yaşlı Rauf Əliyev də özünü yaxşı tərəfdən göstərə bildi. Millimizin sabiq hücumçusu karyerasının son illərini yaşasa da, 90 dəqiqə ərzində çalışdı-vuruşdu, əlindən gələni etdi. Premyer Liqada komanda sayı artırılmasayadı, Rauf indi bəlkə də karyerasını bitirməli olacaqdı. Aydındır ki, heyətini gücləndirən “Səbail”in ona ehtiyacı yox idi, belədə hücumçu ya futbolla vidalaşmalı, ya da I divizionda oynamalı idi. İndi isə Əliyev təcrübəsi, bacarığı ilə “Kəpəz”ə kömək ola bilər.
İllərdir “Neftçi”də 3-cü qapıçı kimi qalan Kamran İbrahimov da oyun praktikasına görə Gəncə klubuna keçməyə razılaşdı. 23 qolkiper yaxşı başa düşürdü ki, “Neftçi”də qalsa, onun oynamaq şansı yoxdur. Brkiç, Aqil Məmmədov kimi əlcək sahibləri olan yerdə məşqçi İbrahimova etimad göstərməyəcəkdi. Qapıçı 2 il ərzində “ağ-qaralar”ın heyətində cəmi 11 matça çıxdı. Aydın məsələdir ki, oyun təcrübəsi olmayan qolkiperdən nəsə gözləməyə dəyməz. İbrahimov “Kəpəz”in elitada çıxış edəcəyi dəqiqləşən kimi Yaşar Vahabzadədən gələn təklifi müsbət dəyərləndirdi. İndi o, ən azı əmindir ki, kobud səhvlərə yol verməsə, “1-ci nömrə” olacaq və püxtələşə biləcək.
Zamiq Əliyev ad-soyadı futbol həvəskarlarına o qədər də tanış olmaya bilər. 21 yaşlı müdafiəçi “Qarabağ”ın U-19 komandasından əsas heyətə yüksəlmişdi. Qurban Qurbanov onu da komanda ilə birgə təlim-məşq toplanışlarına aparır, Azərbaycan çempionatı matçlarında isə adını oyunun iştirak ərizəsinə salırdı. Lakin bəlli məsələdir ki, Zamiqin indiki “Qarabağ”da forma geyinmək şansı sıfıra bərabər idi. Mövsümün əvvəlində “Kəpəz”ə keçən futbolçu “Zirə” ilə qarşılaşmada 90 dəqiqə meydanda oldu. Cari çempionat onun üçün də özünü göstərmək, potensialını açmaq baxımından böyük önəm kəsb edir.
Bir sözlə, komandaların sayının artırılması bəzi futbolçuların püxtələşməsinə, bəzilərinin karyerasının son illərində növbəti şans əldə etməsinə imkan yaradır.
ELNUR MƏMMƏDLİ