featured-image-34081

Qara Qarayevin “Qarabağ”dan ayrılaraq “Neftçi”yə keçməsi birmənalı qarşılanmadı. Bu məsələdə həm futbolçunu, həm də klubu qınayanlar çox oldu. Bəziləri oyunçunun, bəziləri isə Ağdam təmsilçisinin hörmətsizlik etdiyini bildirdi.

31 yaşlı yarımmüdafiəçinin “Qarabağ”ı əzəli rəqibi “Neftçi”yə dəyişməsinə münasibət öyrənmək üçün “İmarət” azarkeş qrupu ilə əlaqə saxladıq. Azarkeş qrupunun üzvü Elnur Quliyev Msport.az saytına açıqlamasında bunları söylədi:

“Qara Qarayev “Qarabağ”da ən bəyəndiyim və hörmət etdiyim futbolçulardan biri idi. Bir qarabağlı kimi həm öz oyunu, həm də xarakteri ilə bu sevgini qazana bilib. Hazırda komandamızda Qaranın oynadığı mövqedə rəqabət böyükdür. Təbii ki, “Qarabağ”da qalmasını və Qurban hocanın ona şans verməsini istərdik. Amma reallığa baxmaq lazımdır. Komandanın inkişafını istəyiriksə, xoşumuza gəldiyi üçün hər hansı oyunçunun burada qalmasını tələb etməməliyik. Ən düzgün qərarı hoca özü verir. Yəqin ki, baş məşqçi həm komandanın gələcəyini, həm də Qaranın az şans əldə edəcəyini düşündüyü üçün onun gedişinə icazə verdi. Düşünürəm ki, futbolçuya ən sərfəli təklif də elə “ağ-qaralar”dan gəlmişdi. Amma bu keçid mənim Qaraya olan münasibətimi dəyişməyəcək. Hər zaman önə hörmət edəcəyəm. Şəxsən mən ondan incimirəm. Ehtiyatda oturmaqdansa, oynaya biləcəyi kluba getdi. Amma kaş, “Neftçi”yə keçməzdi. Azarkeşlərimizi narahat edən məsələ məhz budur. “Sabah”a, Türkiyə və ya Rusiya klublarından birinə keçərdi, amma “Neftçi”yə getməzdi. Lakin hamı özü üçün ən düzgün olanı bilir. Yəqin ki, Qara da çox düşünüb və özü üçün düzgün hesab etdiyi qərarı verib”.

Qeyd edək ki, Qara Qarayev “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər