featured-image-7170

“Qarabağ Futbol Klubu” MMC-nin təsisçi payı satışa çıxarılıb. Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib. Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.

Msport.az xəbər verir ki, Sənan Nadirov bu addımı atmasının səbəbini belə izah edib:

“Atadan qalan mirasdı. Düşündüm ki, satsam, yaxşı olar. Özümün biznesim var və istəyirəm ki, onu bir qədər də genişləndirim. Mənə çatan təsisçi payını satışa çıxardığım iki gün olmasına baxmayaraq, artıq maraqlananlar var. Ancaq bəlli qiymət qoymuşam və ondan aşağı satmaq fikrim də yoxdu. Özünüz də bilirsiz ki, səhmin qiyməti hər gün arta bilər. Kim istəsə, ona da satacam.

Müştərilər arasında “Azərsun” da ola bilər, fiziki şəxslər də. Kim bilir “Qarabağ” bu mövsüm avrokuboklarda necə çıxış edəcək? Qurban Qurbanovun komandası Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasında uğurlu olacağı təqdirdə səhmlərin qiyməti yüksələcək. İndi 300 min manata satdığım səhmlərin dəyəri sabah milyonlar ola bilər. Maşın deyil ki, qiyməti gündən-günə düşsün. 2000-ci ildə kim gözləyərdi ki, “Qalatasaray” UEFA kubokunu qazanacaq? Ancaq onlar bunu bacardılar və klubun səhmlərinin qiyməti bir gündə dəfələrlə bahalaşdı”.

Sənan bəy özü ilə yanaşı, qardaşının da klubda təsisçi payının olduğunu bildirdi:

“Qardaşım klubdakı səhmlərinə toxunmayıb. Onun iki övladı var və belə başa düşürəm ki, səhmləri onlara baba mirası kimi saxlamaq istəyir. Qardaşım olsa da, onu məcbur edə bilmərəm ki, sən də eyni addımı at. Bizim ailədə demokratik mühit olub. Hər kəs qərar qəbul etməkdə müstəqildi. Rəhmətlik atam da bizim işlərə çox müdaxilə etməzdi. “Qarabağ” rəhbərliyi sağ olsun. Vaxtında bizə çox dəstək olub. Abdulbari Gözəl, Tahir Gözəl, Əmrah Çəlikəl və Qurban Qurbanovun əməyini dana bilmərik. Sadəcə, mən futboldan kənar biriyəm. Çalışdığım sahə, reallaşdırmaq istədiyim fikirlər var. Biznesimi inkişaf etdirmək üçün müəyyən vəsaitə ehtiyac duyulur. Bu üzdən qanuni proseslərə uyğun miras götürdüm və rəsmiləşdirdim. Ondan sonra isə satışa çıxardım. Kim alacaqsa, Allah xeyrini versin”.

Adil Nadirovun oğlu artıq ona müraciət edənlərin olduğunu dedi:
“İki gün ərzində xaricdən bir neçə zəng oldu. Açığı, çox adam inanmır ki, səhmləri satıram, bir qədər şübhə ilə yanaşırlar. Onu da qeyd edim ki, əlaqə saxlayanlar xaricdə yaşayıb-işləyən azərbaycanlı menecerlərdi. Danışıqlarından belə başa düşdüm ki, xarici şirkətləri təmsil edirlər. Bəlkə də 10 dəfə “siz Adil bəyin oğlusuz” sualını veriblər. Bu da məni bir qədər əsəbləşdirir. Özlərinə “kim almaq istəyirsə, biletini alıb Azərbaycana gəlsin. Burda hər iki tərəfin vəkillərinin iştirakı ilə sənədləri gözdən keçirək” demişəm. Bütün hüquqi prosesləri vəkil vasitəsiylə həyata keçirdiyimdən bilirəm ki, sənədləşmə işində heç bir xəta ola bilməz. Son zəng Almaniyadan gəlmişdi. İnanıram ki, yaxın günlərdə real alıcı olacaq”.

Maraqlıdır, Sənan bəy neçə faiz səhmə malikdir?

“Bütün nüanslar sənəddə qeyd olunub. Orda faizdən başqa “təsisçinin səhmi” deyilən bir bənd var. Bu nə deməkdi? Məsələn, “Coca-Cola”nı kim yaradıbsa, onun 7 nəsli həmin brendin yiyəsi sayılır. “Qarabağ”ın da yaradıcısı kimi bütün beynəlxalq təşkilatlar Adil Nadirovu qəbul edib. UEFA-da da qeyd olunub ki, 1987-ci ildə “Şəfəq”in bazasında “Qarabağ”ı Adil Nadirov yaradıb. Komanda ilk çempionluğu da 1993-cü ildə atamın rəhbərliyi altında qazanıb. Bu tarixi heç kim dana bilməz”. (Futbol+)

Bənzər xəbərlər