İndi hardadırlar? - Elnur Cəfərov
Msport.az “İndi hardadırlar?” rubrikasında vaxtilə ölkəmizdə çıxış etmiş futbolçuların indiki durumundan danışacaq.
Amma bu dəfə istisna etdik. Haqqında bəhs edəcəyimiz futbolçu legioner deyil və o, hələ də Azərbaycanda çıxış edir… daha əvvəlki kimi yüksək səviyyədə yox. Artıq ona “gənc istedad”, “gələcəyi var” da demirlər. Çünki bir müddətdir ki, Azərbaycan futbolunun bataqlığı sayılan I divizionda oynayır. Elnur Cəfərovu vaxtı ilə Qurban Qurbanov da “Qarabağ”da görmək istəyirdi. Ancaq Lənkəran futbolunun yetirməsi olan hücumçu ölkə xaricinə yollanmağa üstünlük verdi. Cəfərovun legioner karyerası da əksər hallarda olduğu kimi qalmaqalla başa çatdı. Bu haqda bir qədər sonra…
1997-ci ildə Lənkəranda anadan olan Elnur bir vaxtlar ölkəmizin ən istedadlı futbolçularından biri hesab olunurdu. O, 4 il “Xəzər Lənkəran”da çıxış etdikdən sonra 19 yaşında “Qarabağ”dan təklif alsa da, Portuqaliyaya – “Tondela” klubuna getdi. Bu komandada cəmi 2 oyun keçirən Cəfərov “Tondela”nı tərk etdikdən sonra uzun müddət yaddaşlardan silinməyəcək açıqlama verdi:
““Hər şey AÇ-2016-nın final oyununa qədər yaxşı idi. Ederin finalda vurduğu qol Portuqaliyanı Avropa çempionu etdi. Komandanın baş məşqçisi Armandu Petit bu münasibətlə bütün futbolçularının qarşısına bakal, içki qoydu, qələbəni belə qeyd etməyə başladılar. Hamısı mənim müsəlman olduğumu bilirdi. Amma baş məşqçi yaxınlaşıb niyə içmədiyimi soruşdu. Ona bildirdim ki, müsəlmanam, inanclarımız spirtli içki içməyə icazə vermir. Amma o, məni buna məcbur etməyə çalışdı. Bakala şampan süzüb, zorla məni içirtməyə çalışdı. Mən onun əlini kənara etmək istərkən təsadüfən bakal yerə düşdü və sındı. Hər şey də bununla bitdi”.
Daha çox hind filmlərini xatırladan bu epizoda inanmaq istəsək də, bir peşəkar məşqçinin belə addım atması ağlabatan deyil.
Üstəlik də bu, Cəfərovun ilk və son qalmaqalı olmadı. Millimizin sabiq üzvü bir müddət Xorvatiyada “Duqopolye” klubunun da formasını geyindi. Orda da cəmi 13 oyunda meydana çıxan futbolçunun növbəti dayanacağı “Neftçi” oldu.
U-21 yığmamız Almaniyaya 0:7 hesabı ilə məğlub olduqdan sonra Cəfərov, nə etsə, yaxşıdır? Sosial şəbəkədə yeni aldığı bahalı avtomobilinin fotosunu paylaşır və təbii ki, bu, birmənalı qəbul olunmur. Daha sonra onu “İnstaqram”da tənqid edən azarkeşi “söhbətə” çağırır. Həmin dönəmdə “Neftçi”nin baş məşqçisi olan Tərlan Əhmədov hücumçunu əvəzedici heyətə göndərir. “Forza Neftçi” azarkeş qrupu isə bəyanat yayaraq, Cəfərovun klubdan qovulmasını tələb edir. “Ağ-qara” forma ilə 9 oyun keçirən futbolçu bir dəfə də fərqlənə bilmir.
2018-ci ildə Mladen Milinkoviçin vaxtında “Keşlə”də 3 oyunda meydana çıxan forvard sonra uzun müddət kölgədə qalır. Cəfərov artıq I divizionda “Qaradağ Lökbatan”da çıxış edir. Bu yaxınlarda çempionluğu rəsmiləşdirən klubun baş məşqçisi Füzuli Məmmədov da Elnur Cəfərov kimi futbolçunun Premyer Liqada oynamamasının çox pis olduğunu demişdi: “Bu gün orda elə futbolçular var ki, Elnurdakı keyfiyyət onlarda yoxdur. Düzdür, onda da problemlər olub, amma indi yoxdur”.
Məncə, əsas məsələ məhz xarakterlə bağlı idi. Cəfərov kriminal aləmlə daha çox maraqlanır, bu tipli meyxanaları dinləməkdən zövq alırdı. Halbuki onun istedadı, potensialı daha çox şeylər vəd edirdi. Təsadüfi deyil ki, hələ 2015-ci ildə 18 yaşı olarkən Robert Prosineçki Bolqarıstanla AÇ-2016-nın seçmə mərhələsindəki oyunda (0:2) onu start heyətində meydana buraxmışdı.
İndi Cəfərovun 25 yaşı var. Formaya düşsə, yenidən yüksək səviyyədə oynaya bilər. Amma bunu bacaracaqmı?