featured-image-6715

Msport.az “İndi hardadırlar?” rubrikasında vaxtilə ölkəmizdə çıxış etmiş futbolçuların indiki durumundan danışacaq.

Son illlərdə “Neftçi”yə o qədər futbolçu gəlib-gedib ki, onların adlarını yadda saxlamaq, hansı mövqedə oynadıqlarını xatırlamaq müşkülə çevrilir. Amma 4 il əvvəl “ağ-qaralar”ın heyətində cəmi 8 oyun keçirən bu futbolçunu yəqin ki, daha çox soyadına görə unutmayıblar. Karikari soyadı dilə tez uyuşan və yadda qalandır.

Kvame Karikari 2018-ci ildə Bakıya Qətərin “Əl Ərəbi” klubundan ayrıldıqdan sonra gəlmişdi. Buna qədər isə hücumçunun karyerasında İsveçin AİK, “Deqerfors”,i “Halmstad”, Türkiyənin “Balıkesirspor”, Norveçin “Hagesund”, Ukraynanın “Stal”, Qətərin “Əl Məkriyə” komandaları olmuşdu.

Karikari “Neftçi”nin “Uypeşt”lə Avropa Liqasının faciəvi oyununda (0:4) 36 dəqiqə meydanda oldu. Krivotsyukun yerinə şans alan forvard rəqib qapısı qarşısında ciddi təhlükə yarada bilmədi.

Amma “Neftçi” azarkeşlərinin Karikarini xatırlamasının bir səbəbi də var. O, Azərbaycanda ilk qolunu (vur-tut iki qol vurdu) məhz əbədi rəqib “Qarabağ!”a vurdu. 26 avqust 2018-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə qanalı forvard 28-ci dəqiqədə hesabı açsa da, İnnosent Emeqara 70-də Ağdam klubuna 1 xal gətirən qolu vura bildi. O, bir də oktyabrın 20-də “Qəbələ”yə səfərdə 1:3 hesabı ilə uduzduqları oyunda fərqləndi.

Həmin vaxt “Neftçi”yə rəhbərlik edən Roberto Bordin Karikarini əsas heyət oyunçusu kimi görmürdü. Halbuki futbolçu ilə 2 illik müqavilə imzalanmışdı. Yeddi aydan sonra “ağ-qaralar” qanalı forvardı BƏƏ-nin “Əl Urooba” komandasına icarəyə verdi. Orda da 12 görüşdə 2 qol vuran Karikari ilə müqaviləyə 2019-cu ilin yayında qarşılıqlı razılıq əsasında xitam verildi.

Lakin o, çox da uzağa getmədi və Tbilisi “Dinamo”su ilə 1 illik müqavilə bağladı. Karikari UEFA Avropa Liqasında “Qəbələ”ni 3:0 hesabı ilə  məğlub etdikləri matçda komandasının sonuncu qolunu vurdu. Lakin növbəri mərhələdə “Dinamo” “Feyenoord”la mübarizədə uduzdu.  Gürcüstan klubunda da vur-tut 8 matçda meydana çıxan futbolçu 2 qol vurdu. Bundan sonra onun karyerasında artıq qısa müddətli yolçuluqlar başladı. İsraildə “Hapoel Petah Tikva”da 3 oyun, Özbəkistanda “Turon”da 5 görüş.

“Neftçi”nin sabiq forvardı 2021-ci ildə Tailanda yollanaraq “Nakhon” komandası ilə müqavilə imzalayır. Karikari burda özünü pis göstərmir və ötən mövsüm 13 dəfə fərqlənir. İndi artıq 30 yaşı olan Karikari yenidən azad agentdir və yeni mövsümə harada başlayacağı heç kimin ağlına gəlməz.

media-kari-1

 

media-kari-4media-kari-3

media-kari-6

Bənzər xəbərlər