featured-image-2141

Msport.az “İndi hardadırlar?” rubrikasında vaxtilə ölkəmizdə çıxış etmiş futbolçuların indiki durumundan danışacaq.

Amsterdamın göbəyində yaşayasan, “Ayaks”la iki dəfə Erediviziyanın qalibi olasan və bir gün həyat səni gətirib çıxara Qəbələyə.

Qəbələ bizim üçün turizm mərkəzidir, həvəslə dincəlməyə getdiyimiz yerdir. Ancaq etiraf edək ki, biz də orda üç gündən artıq qalan kimi darıxırıq, gözümüz Bakı yolunda qalır.

Təsəvvür edin, “qırmızı fənərlər küçəsi”ni, Avropanın ən yaxşı gecə klublarını, leqal marixuana satışını görən biri gəlib düşür, qışda otelləri bom-boş olan rayona. Söhbət 2010-2011, 2011-2012-ci illər mövsümündə “Ayaks”ın heyətində Niderland çempionu olmuş Lorentso Ebesilyodan gedir.

Amsterdam klubunda 38 oyuna 9 qol vuran futbolçu “Qəbələ”də olanda da etiraf edirdi ki, həyatda buraxdığı səhvlərə görə o səviyyədən bu səviyyəyə gəlib çıxıb. Düşünmək olardı ki, Ebesilyo bunlardan nəticə çıxaracaq, yenidən güclü liqalarda oynamaq üçün əlindən gələni edəcək. Əslində o, Azərbaycandan daha yaxşı liqaya –  Rusiyaya, “Mordoviya” klubuna gedib çıxdı. Vaxtilə Niderlandın U-21 yığmasında da oynamış futbolçu “Qəbələ”də icarə əsasında forma geyinirdi, Ukraynada Donetsk “Metallurq”unda karyerası alınmadığından ölkəmizdə çıxış etməyə razılıq vermişdi. Ebesilyo 2013-2014-cü illər mövsümündə “Qəbələ”də 32 oyuna 8 qol vurdu. Çempionatın sonunda Yuri Syomin komandanı tərk edərkən bir çox legionerlər kimi Lorentso da komandadan getdi.

Yarımmüdafiəçi “Mordoviya”da olarkən debüt oyununda – “Ural”la matçda ağır zədə aldı və meydanı xərəkdə tərk etdi. Uzun müddət yaşıl meydanlardan kənarda qalsa da, yenidən Saransk klubunun əsas üzvünə çevrilə bildi. 2014\2015 mövsümündə 10 oyuna 2 qol vuran futbolçunu Syomin yanına – “Anji”yə apardı. Yenidən Yuri Palıçla Ebesilyo bir komandada – Mahaçqala təmsilçisində işləməyə başladılar. “Anji”də iki mövsüm çıxış edən niderlandlı futbolçu Rusiya Premyer Liqasında 38 oyunda 3 qol vurdu. Amma Ebesilyo Rusiyada təkcə göstərdiyi oyunla məşhurlaşmadı. Onun daha bir yaxşı bacardığı “oyun” var idi – rus qızlarının qəlbinə yol tapmaq. Sən demə, futbolçu Rusiyada olduğu müddətdə eyni anda iki qızla – Anna Baqaeva və Darya Danilina ilə görüşürmüş. Ebesilyo Rusiya karyerasınını bitirdikdən sonra hər iki xanım dünyaya uşaq gətirir, özü də ikisi də eyni gündə – 17 yanvar 2017-ci il. Xanımlar “Birinci Kanal”ın canlı efirinə çıxaraq başlarına belə iş gəldiyini bildirirlər.

Həmin vaxt isə Lorentso artıq Kiprdə yeni macəralara başlamışdı. Söhbət yerli qızların “saqqızını oğurlamaqdan” getmir. 2017-ci ildə o, artıq APOEL-in şərəfini qorumaqda idi. Özü də kifayət qədər uğurla. Ebesilyo APOEL-də ardıcıl iki mövsüm Kipr çempionu oldu. 2018-2019-cu illər çempionatında 28 oyunda 9 dəfə fərqlənən futbolçu “Srvena Zvezda”nın diqqətini cəlb etdi. Belqrad klubunun heyətində Serbiya çempionu olan yarımmüdafiəçinin növbəti dayanacağı Yaponiya idi. Pandemiya başladığından “Cubilo İvata”da karyerası alınmadı. “Gündoğar ölkə”də cəmi 3 oyun keçirən eks “Qəbələ”li Kiprin I liqasında mübarizə aparan “Achyronas Liopetriou” komandası ilə müqavilə bağladı. Amma yeni klubda debüt edə bilmədi və azad agent statusu aldı. Ebesilyo sonuncu dəfə 2019-cu il dekabrın 7-də Yaponiya çempionatında meydana çıxıb. 30 yaşı olsa da, məhz xarakterinə və intizamsızlığına görə, indi klubsuz qalıb.

Ebesilyo  yenidən Azərbaycana qayıtmaq istəyir. Həm menecerlərə öz xidmətini təklif edir, həm də mətbuata müsahibələrində ölkəmizdə oynamağın əlehinə olmadığını deyir. “Qəbələdə isə hələ də onunla bağlı müxtəlif rəvayətlər danışırlar. Gecə Bakıya gedib səhər rayona qayıtmaqdan tutmuş, 1-2 gün fasilə yaranan kimi öz puluna Amsterdama uçmağa kimi.

Ebesilyo ilə “Ayaks”da oynamış bəzi futbolçular:

  • Kristian Eriksen “Brentford” (İngiltərə)
  • Tobi Alderveyreld “Əl Duhail” (Qətər)
  • Yan Vertongen “Benfika” (Portuqaliya)
  • Deyli Blind “Ayaks”
  • Yasper Sillessen “Valensiya” (İspaniya)
  • Devi Klassen “Ayaks”

media-ebe-5media-ebe-6

Bənzər xəbərlər