featured-image-7297

Msport.az “İndi hardadırlar?” rubrikasında vaxtilə ölkəmizdə çıxış etmiş futbolçuların indiki durumundan danışacaq.

O, Azərbaycana gələndə çoxları güman edirdi ki, rahat şəkildə çempionatın bombardiri olacaq. Zarafat deyil, Erediviziyada 9 qol vurmuşdu və böyük ümidlər vəd edirdi. Amma hücumçunun Bakı karyerası alınmadı. “Neftçi”də cəmi 16 oyun keçirdikdən sonra komandadan ayrıldı.

Melvin Platye…onun adı çəkiləndə “Neftçi” azarkeşləri hələ də dərindən ah çəkirlər. Həqiqətən də niderlandlı forvarda inam böyük idi. Çünki “Neymegen”in heyətində Erediviziyada iki yaxşı mövsüm keçirmişdi.

Platye 2013-cü ildə Çempionlar Liqasında “Skenderbeu”ya qarşı hər iki oyunda meydana çıxsa da, Albaniya klubunun qapısına yol tapa bilmədi. Halbuki əlinə xeyli qol imkanları da düşmüşdü. Nəticədə, bir il əvvəl Avropa Liqasında qrupa düşmüş komanda ilk mərhələdəcə “Skenderbeu”ya uduzaraq (0:0, 0:1) mübarizəni dayandırmalı oldu.

Hücumçu “Neftçi”də yeganə qolunu Bakıxanov stadionunda vura bildi. 2013-cü ildə “İnter”ə qarşı çempionat oyununda qazanılan qələbədə (3:1) onun da əməyi oldu. Platye komandasının sonuncu qolunu vurdu.

“Ağ-qaralar” niderlandlı forvarddan heç cür istədiklərini ala bilmədilər. Nəticədə, 2014-cü ilin yayında Platye İsveçin “Kalmar” klubuna icarəyə verildi. İcarə müddəti başa çatdıqdan sonra futbolçu yenidən vətəninə qayıtdı. Artıq azad agent olan Melvin “Venlo” ilə müqavilə bağladı. O, 2014-2015 mövsümündə “Venlo”nun heyətində Niderlandın I liqasında möhtəşəm oynadı və 33 matçda 15 dəfə fərqləndi.

Sonralar Platyenin karyerasında Fransa Liga-2 təmsilçisi “Brest”, Almaniya III Bundesliqasından “Hanza”, Belçika çempionatından “Lommel” də oldu. Hücumçunun ayağı bir də yenidən Niderlanda qayıtdıqdan sonra “açıldı”. 2017-2018-ci illər mövsümündə o, “Telestar” klubunun heyətində Niderlandın səviyyəcə 2-ci liqasında 35 oyunda 14 qol vurdu.

2018-ci ildə Platye İndoneziyaya yollandı və bu ölkənin “Bali Yunayted” komandasında 3 il çıxış etdi. O, yalnız koronavirus pandemiyası yayılan vaxt bu ölkədən ayrıldı və Niderlanda gələrək “De Qrafsxap”da icarə əsasında oynadı. Vəziyyət düzələn kimi Platye yenidən İndoneziyanın yolunu tutdu. Əvvəlcə keçmiş komandası “Bali Yunayted”in formasını geyinən hücumçu bu ilin yanvarında “Bhayankara”ya transfer olundu.

33 yaşlı Platye yenidən vətəninə qayıdıb amma hələ karyerasını başa vurmaq niyyətində deyil. Hücumçu Niderlandın səviyyəcə III liqasında mübarizə aparan “AFC Amsterdam” komandası ilə müqavilə bağladı. Bu isə o deməkdir ki, biz onu gələn mövsüm də yaşıl meydanlarda görəcəyik.

media-plat-1

media-plat-4

media-plat-2

media-plat-3

Bənzər xəbərlər