featured-image-5441

Msport.az “İndi hardadırlar?” rubrikasında vaxtilə ölkəmizdə çıxış etmiş futbolçuların indiki durumundan danışacaq.

İlk dəfə “Zirə”yə 2016-2017 mövsümünün qış fasiləsində gələn Riçard Qadze qısa vaxt ərzində komandaya uyğunlaşa bildi. Qanalı hücumçu meydana çıxdığı ikinci matçda rəqib qapısına yol tapdı. “Qəbələ” ilə 2:2 hesabı ilə heç-heçə başa çatan görüşdə o, 90+4-cü dəqiqədə fərqlənərək komandasını məğlubiyyətdən xilas etdi. Qadze həmin mövsüm “Sumqayıt” və “İnter”lə oyunlarda da rəqib qapıçıları məyus edərək çempionatdakı qollarının sayını 3-ə çatdırdı. Qeyd edək ki, futbolçu həmin vaxt qəsəbə təmsilçisinə Hindistanın “Deli Daynamos” klubundan (indiki adı “Odişa”) icarəyə gəlmişdi. Hücumçunun çıxışından razı qalan “Zirə” iyunda artıq onun transder hüquqlarına yiyələndi.

Qadze Lüksemburq “Differdanj”ı ilə Avropa Liqasının hər iki oyununda fərqlənərək komandasının növbəti mərhələyə yüksəlməsində önəmli rol oynadı.

Hücumçu 2017\2018-ci illər mövsümündə “Zirə”nin heyətində çempionatda 23 oyunda 7 qol vurdu. Riçarda yaxşı təklif gəldiyindən onu Azərbaycanda saxlamaq mümkün olmadı və forvard Rumıniyaya “Voluntari”yə yollandı. O, “Voluntari”də də 6 dəfə fərqlənərək özünü heç də pis göstərmədi.

Qadzenin “Zirə”yə ikinci gəlişi isə 2019-cu ilin oktyabrında oldu. Yayda Rumıniya komandasından ayrılan futbolçu azad agent idi. Üç ay futbol oynamayan forvard bu dəfə “Zirə”yə ideal formasından uzaq gəldi. Qanalı hücumçu ikinci gəlişində Azərbaycan Premyer Liqasında 11 oyuna 3 qol vurdu. Lakin Qadze mövsümün sonunda yenidən “Zirə”ni tərk etmək qərarına gəldi. O, həmin vaxt Azərbaycanı Moldovanın əsas klubu “Şerif”ə dəyişdi. Moldova çempionatında 5 qol vuran oyunçu “Qarabağ”la Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqası matçında 16 dəqiqə meydanda oldu. Xatırladaq ki, Ağdam klubunun 2:1 hesabı ilə qələbə qazandığı görüşdə sonralar “Keşlə”nin formasını geyinmiş Anatoli Abanq qırmızı vərəqə ilə cəzalanmışdı.

Qadze 2021-ci ilin sentyabrında İsrailin “Bney Sahnin” komandasına keçsə də, burda çox davam gətirmədi. 8  ay futbolsuz qalan hücumçu 2022-ci ilin aprelində Banqladeşin “Şeyx Rassel” kubu ilə anlaşdı. Ekzotik çempionatda 4 oyun keçirən futbolçu hələ ki qol hesabını aça bilməyib.

Bir vaxtlar “Zirə”də oynayanda “Qarabağ”ın diqqət mərkəzinə düşən forvardın hazırda 27 yaşı olsa da, əvvəlki formasından uzaqdır.

media-gadz-1

media-gadz-2

 

 

Bənzər xəbərlər