featured-image-3366

Azərbaycanın əksər futbol veteranlarına gərək ömrü boyu mətbuata danışmaq qadağası qoyasan. Çünkü hər dəfə nəsə açıqlama verəndə aləmi qatırlar bir-birinə.

81 yaşlı Kazbek Tuayev bu yaxınlarda yenə hər kəsi özünə güldürdü. Bu yaşa gəlib çatasan, iki-üç il ömrün qala və öz mövqeyini ortaya qoymayasan, alət kimi ortalıqda gəzəsən. Sanki Tuayevin fəaliyyəti arada İcraiyyə Komitəsinin iclaslarında səs vermək, hərdən də rusdilli mətbuatda “Spartak”ın, “Zenit”in ünvanına dəxlisiz atmacalar atmaqdan ibarətdir. Kazbek Aliyeviçin İcrakomdakı yoldaşı, iddiaları ilə iş prinsipləri heç vaxt üst-üstə düşməyən İsgəndər Cavadov da bugünlərdə qaş düzəldən yerdə vurub göz çıxardı.  Əfsanəvi kapitan Arximed kimi “Evrika” qışqırıb yeni kəşfini aləmə car çəkib:  Bəs “Kəpəz”in adı dəyişib “Dinamo” qoymaq lazımdır, klubun tarixi adı budur.

Bəli, hər kəs bilir ki, Gəncə (o zaman şəhərin adı Kirovabad idi) təmsilçisi o zaman “Dinamo” adlanırdı və hətta bu komanda bir mövsüm SSRİ Çempionatının Güclülər Dəstəsində də çıxış edib. Amma hər kəsə də yaxşı bəllidir ki, “Dinamo” SSRİ-də yaranan və keçmiş sosialist ölkələrinə ötürülən bir brenddir. “Dinamo” adının arxasında isə həmişə Daxili İşlər Nazirliyi dayanırdı. Hətta Moskva “Dinamo”suna uzun illər İmperiyanın ən təhlükəli adamlarından biri Lavrenti Beriyanın kuratorluq etməsindən də yəqin ki, azarkeşlərin xəbəri var. İsgəndər müəllimin “Dinamo” sevdalısı olmasının səbəbi bəlkə də vaxtı ilə bu komandada çıxış etməsidir. 1982-ci ildə “Neftçi”dən küsüb Moskvaya yollanan hücumçu 88-də də acığa düşüb “ağ-qara” formanı “Nistru”ya dəyişmişdi.

Yeri gəlmişkən, sabah Cavadov durub təklif etsə ki, “Neftçi”nin adını dəyişək, “Neftyannik” qoyaq, buna da artıq təccüblənməməliyik. Paytaxt klubu 1937-ci ildə “Neftyannik” adı ilə yaradılıb axı. Və yaxud da digər veteranlarımızdan biri də çıxıb təklif edə bilər ki, Gəncə yox, qoy şəhərin adı Yelizavetpol olsun. Füzuli Karyagin, Oğuz da Vartaşen adlandırılsın.

Maraqlıdır ki, “Kəpəz”in ilk adı heç “Dinamo” da olmayıb. Komanda 1959-1962-ci illərdə “Toxucu” adını daşıyıb.

Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti olan Cavadov bir ara AFFA tərəfindən Gəncəyə kurator kimi göndərilmişdi. Amma “Neftçi”nin sabiq kapitanı gördü ki, bu həna, o hənadan deyil, qısa müddətdə qayıtdı Bakıya. İndi də İcraiyyə Komitəsinin üzvü kimi “Kəpəz”ə yeni maliyyə resursları, sponsor tapılmasına kömək etmək əvəzinə klubun adının “Dinamo” olmasını təklif edir.

Həmkarım Elçin Cəlilovun yazdığı kimi əslində İsgəndərin də tarixi adı Aleksandr olub – Makedoniyali Aleksandr. Bəlkə elə əvvəlcə ad dəyişikliyini bundan başlayaq?

ELNUR MƏMMƏDLİ

Bənzər xəbərlər