“Jelezniçar”ın baş məşqçisi “Neftçi”ni təriflədi
“Neftçi” texniki cəhətdən mükəmməldir. Onların 7-8 milli üzvü var”.
Msport.az-ın məlumatına görə, bunu Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun baş məşqçisi Nermin Başiç “Neftçi”yə qarşı evdə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis həmkarı Adrian Mutunun Azərbaycan klubunun baş məşqçisi postuna yeni təyin olunduğunu vurğulayıb: “Neftçi” barədə çox danışmağa ehtiyac yoxdur. Onlar 9 dəfə ölkələrində çempion olublar. Amma buna aldanmayacağıq. Baş məşqçiləri də tanınmış simadır. Mutu hücum futbolunu sevir. Bu matça hazırlaşmaq üçün vaxtı çox az idi. Nə edəcəyini görəcəyik. Bizim isə heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçuların oynayacağına əmin deyilik. Buna rəğmən pozitiv yanaşıram. Azarkeşlərə söz verirəm ki, mübarizə aparacağıq”.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







