featured-image-2639

Son olaraq “Keşlə” klubunda idman direktoru vəzifəsində çalışan Ceyhun Sultanov Msport.az saytına müsahibəsində keçmiş komandalarında baş verənlər, “Neftçi”nin mövsümü titulsuz başa vurması, AFFA İcraiyyə Komitəsinin son qərarları barədə danışdı. Amma əvvəlcə millimizin sabiq futbolçusunun hazırda nə işlə məşğul olduğunu soruşduq.

  • Hazırda nə işlə məşğul olursunuz, menecer kimi fəaliyyətinizi davam etdirirsinizmi?
  • Menecer kimi fəaliyyət göstərmirəm. Sadəcə öz əlaqələrimi daha da genişləndirirəm. Evdə oturub öz işimlə məşğulam. Agent kimi çalışmağım düzgün deyil. Ancaq hansısa kluba köməklik lazım olursa, onu etməyə çalışıram.
  • “Zirə”də çıxış edən Hamidu Keytanın Azərbaycana gəlməsində deyilənə görə, sizin də rolunuz olub?
  • Düzdür, Keytanı Rəşad Sadıqova mən məsləhət görmüşəm. Amma təbii ki, son seçim baş məşqçidədir. Yüz futbolçunun adını deyə bilərsən, lakin sonda qərarı verən baş məşqçi olur. Keytanı da Rəşad Sadıqov bəyənib. Bir sözlə, fransalı hücumçunun Azərbaycana gəlməsində mənim rolum olub.
  • Başqa hansı futbolçuların transferində vasitəçilik etmisiniz?
  • Transferlərlə bağlı bəzi klublara məsləhətlərim olub. Amma konkret ad çəkmək istəməzdim. Bu, məndə qalsa, yaxşıdır.
  • “Keşlə”dən ayrıldıqdan sonra demişdiz ki, Elxan Məmmədovla görüşmüsünüz. Və hətta sizə hansısa işin veriləcəyi gözlənilirdi. O məsələnin axırı nə yerdə qaldı?
  • Ötən ilin avqustunda Elxan Məmmədovla görüşümüz oldu. Düzü, işlə bağlı görüş deyildi, şəxsi məsələ idi, bir-iki şeyə aydınlıq gətirilməsini istəmişdim. İş üçün heç kimə ağız açan deyiləm. Kiməsə iş üçün müraciət etsən, sabah onun yanında sərbəst ola bilmirsən. İstədiyin işi görə bilmirsən, gözü kölgəli olur adam.  Öz ideyalarını da ortaya qoya bilmirsən. Deyəcəklər ki, özün iş istəmisən, biz də sənə şans vermişik. Elə şeylərdən uzaq adamam. Kim məni öz komandasında görmək istərsə, böyük məmuniyyətlə. Ancaq heç kimə ağız açıb iş xahiş edən deyiləm.
  • Bu günlərdə AFFA İcraiyyə Komitəsi bir sıra qərarlar qəbul etdi. Amma bunlar birmənalı qarşılanmadı. Xüsusən də legioner limiti məsələsi.
  •  Maraqlıdır ki, İcraiyyə Komitəsi qərarları necə verir, nəyə əsaslanırlar? Təbii ki, qəbul edilən qərarları hamı birmənalı qarşılamayacaq. Bu, normaldır. Sadəcə qərarlar kimin fikiri ilə verilir, o mənə aydın deyil. Ona görə nəsə deməyim çətindir. İcraiyyə Komitəsində olan futbol adamları öz fikirlərini çatdıra bilmirlərsə, qərarın doğru olub-olmadığını demək çətinləşir. Əsas odur ki, İcraiyyə Komitəsində olan futbol adamları var, onları dinləsinlər. Amma açığı inanmıram ki, kimsə onların sözünə qulaq asır.
  • Qurban Qurbanov etiraz etdi ki, bundan sonra bu barədə danışmayacaq. Onsuz da AFFA İcraiyyə Komitəsi istədiyi qərarları verir.
  •  Qurban müəllimin dedikləri ilə tam razıyam. Çünki bu gün sadəcə nəyinsə xatirinə fikir öyrənirlər, guya futbol adamlarını dinləyirik. Amma axırda istədikləri qərarları verirlər. Ona görə də futbol adamlarına qulaq asan yoxdur.
  • Sizcə, oyunçu dəyişikliyi sayı niyə artırılmadı? Axı bu məsələdə bütün klubların fikirləri üst-üsə düşürdü.
  • Bu qərarı verənlər düşünməlidr.  Niyə belə qərar qəbul ediblər? Əgər klubların mövqeyi nəzərə alınmırsa, sonda özləri nə istəyirlər, edirlərsə, buna şərh vermək mənə görə deyil.
  • Vaxtilə çalışdığınız “Neftçi” mövsümü titulsuz başa vurmalı olacaq. Artıq baş məşqçi Samir Abasovun istefaya göndərilməsi ilə bağlı fikirlər səslənir. “Neftçi”də işləmiş, klubu yaxından tanıyan adam kimi bu məsələlərə münasibətiniz maraqlıdır.
  • Məşqçi işi elədir ki, qalib gəlirsə, qəhrəmandır, məğlub olursa, istefa verməlidir. Vaxtilə karyeramı davam etdirəndə bir məşqçimiz var idi, həmişə misal çəkirdi ki, “bu gün əl çalan əllər sabah sizə daş atacaq”. Bu sözlər o vaxtdan beynimdə qalıb. Uğur olan yerdə hamı sənin yanında olur, nəticə olmayanda isə günahkar sənsən. Baş məşqçi ilə bağlı qərarı verəcək şəxslər “Neftçi” rəhbərliyidir. Nəsə deməyim doğru olmaz.
  • Neftçi”nin uğursuzluğunda yeganə günahkar Samir Abasovdurmu?
  • Komanda daxilində elə şeylər var ki, biz bilmirik. Oyun baxımından əlbəttə, məsuliyyət baş məşqçinin boynundadır. İdarəetmə işlərinə isə rəhbərlik cavabdehdir. İndiki durumda vəziyyətin nə yerdə olduğunu bilmirəm. Ona görə də suala cavab verməkdə çətinlik çəkirəm. “Neftçi”də işlədiyim vaxt hər şeydən xəbərdar idim. Məsələnin nə yerdə olduğunu bilirdim. İndi içəridə olanları tam bilməyə-bilməyə, dəqiq nəsə demək alınmır. Əsas odur ki, “Neftçi” azarkeşləri, “Neftçi”sevərlər komandadan titul gözləyirdilər. Amma bu, olmadı.
  • “Neftçi”nin prezidenti Kamran Quliyevlə münasibətləriniz necədir indi? Heç əlaqə saxlayırsınız?
  • 1,6 ay bundan qabaq “Neftçi”dən ayrılmışam və o vaxtdan Kamran Quliyevi yalnız bir dəfə görmüşəm. O da “Neftçi” Türkiyədə təlim-məşq toplanışında olanda. Mən də orada idim, həmin vaxt görüşdük. Ondan sonra heç bir əlaqəmiz olmayıb. Bu gün də heç bir münasibətim yoxdur, nə zəngləşirəm, nə də əlaqə saxlayıram. Kamran Quliyevə yalnız uğurlar arzulayıram.
  • Daha bir sabiq klubunuz “Keşlə” artıq Şamaxını təmsil edir. Bu qərarı bölgələrdə futbolun inkişafı kimi qiymətləndirmək olar, yoxsa, komanda ancaq oyundan-oyuna Şamaxıya gedəcək deyə ciddi bir şey gözləmirsiz?
  • -Biz bəzən gözümüzün qabağında olanı görmürük, yüz metr o tərəfdə bir kibrit çöpünü axtarırıq. Futbol tarixi, stadionu, infrastrukturu, şəraiti olan rayonlar, bölgələr qala-qala, Bakıdan Şamaxıya klub köçürürlər. Komanda Bakıda qalır, gedib oyunu orda keçirir. Uşaq futbolu bilinmir, harda olacaq. Demirəm ki, Şamaxıda futbol olmasın, Yox, qoy oranın da komandası yaradılsın. Hər bölgəni təmsil edən klub olsa, əladır. Amma daha belə komandanı necə bölgə klubu adlandırasan? Əyalət klublarında orda yetişən akademiyalardan çıxan uşaqlar da heyətə cəlb olunmalıdır. Məncə, “Keşlə”nin adını dəyişib Şamaxıya göndərmək yanlış addım idi. “Şamaxı” adlı komandanı elə rayonun özündə yaradıb I divizionda oynatmaq olardı. Bu gün Zaqatala, Mingəçevir, Gəncə, Tovuz kimi futbol ənənələri olan yerlər qala-qala, Şamaxıda sırf stadion tikilib deyə, bir arenaya görə bütün hər şey köçürüldü ora. Guya Şamaxıda futbol inkişaf etdiriləcək. Orda da komanda olmalıdır, amma belə yox. Bir-iki nəfərin stol arxasında oturub çörək yeyə-yeyə qərar verməyi, futbolun inkişafında problemlər yaradır. Ona görə futbolumuz bu vəziyyətdədir. Hər şey araşdırılmalı, təhlil olunmalı, ondan sonra hər hansı qərar qəbul edilməlidir. Hərənin bir iş prinsipi var, buna hörmətlə yanaşıram. Amma işi də görəndə ən azından futbolu bilən adamlar da olmalıdır. Kabel işinə baxan şəxslə, suvaqçı ilə bu məsələləri həll etmək istəyəndə belə də olacaq.

Bənzər xəbərlər