Karlsen qalib gəldi, Şəhriyar son pillədən qurtuldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının final mərhələsində növbəti görüşünü keçirib.
Msport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 6-cı turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib.
İlk partiyada rəqibindən üstün olan Şəhriyar ardınca heç-heçəyə razılaşıb. Üçüncü partiyada yenidən qalib gələn “Şah” yekun hesabı müəyyənləşdirib – 2,5:0,5.
İlk turda hindistanlı Rameşbabu Praqqnanandhanı yenən Məmmədyarov növbəti görüşlərində, müvafiq olaraq, polşalı Yan-Kşiştof Dudaya, norveçli dünya çempionu Maqnus Karlsenə və Arjun Eriqaysiyə (Hindistan) uduzub.
Qələbə sayəsində təmsilçimiz sonuncu pillədən qurtulub. O, hazırda 6 xalla turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.
Məmmədyarov bu gün keçiriləcək sonuncu turda vyetnamlı Le Kuanq Liemlə münasibətləri aydınlaşdıracaq.
Yeri gəlmişkən, dünya çempionu, norveçli Maqnus Karlsen vaxtından əvvəl “Champions Chess Tour” seriyasının final turnirinin qalibi olub. O, sonuncudan əvvəlki – altıncı turda hindistanlı Rameşbabu Praqqnanandhaya 2,5:0,5 hesabı ilə qalib gəlib. Beləliklə, 32 yaşlı qrossmeyster xalını 17-yə çatdırıb və ən yaxın izləyicisi, ABŞ təmsilçisi Uesli So (12 xal) üçün əlçatmaz olub.
Xatırladaq ki, bu yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.