Kaşukun uğuru: Həm sevindirir, həm də kədərləndirir
“Sabah”ın Aleksey Kaşuku heyətdə saxlaması onsuz da çətin görünürdü. Bunu paytaxt klubunun baş məşqçisi Murad Musayev də etiraf edirdi. Lakin rusiyalı mütəxəssis ümid edirdi ki, 22 yaşlı futbolçu gec də olsa, hazırlıqdan sonra klubun düşərgəsinə qoşulacaq.
Kaşukun dünən 21 yaşlılar arasında Avropa çempionatının ilk oyunundakı performansı bir tərəfdən bizi sevindirdisə, digər tərəfdən də kədərləndi. Çünki böyük ehtimalla, bu istedadlı vingeri gələn mövsüm Azərbaycan Premyer Liqasında görməyəcəyik.
Ukrayna millisi qitə çempionatına Xorvatiya üzərində qələbə (2:0) ilə başladı. Ötən mövsümü “Sabah”da keçirən Kaşuk həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Təsadüfi deyil ki, o, matçın ən yaxşısı seçildi.
İndi bu cür performansdan sonra gəl, bu futbolçunu yenidən heyətə cəlb elə. Hər kəs bilirdi ki, “Şaxtyor” Avropa çempionatından sonra Kaşukun qiymətini qaldıracaq. Belə oyundan sonra isə inanmıram ki, “Sabah” ona yaxın düşə bilsin. Yəqin ki, Donetsk klubu yarımmüdafiəçini baha qiymətə satacaq.
“Sabah”a avrokuboklarda Kaşuksuz çətin olacaq. Xatırladaq ki, ukraynalı oyunçu ötən mövsüm Azərbaycan çempionatında 16 qol vurmuşdu.







