“Kəpəz”in baş məşqçisi: “Çatışmayan məqamlar var”
“Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik”.
Msport.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis ötən gün “Şamaxı” ilə qolsuz heç-heçə etdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb:
“Bu yoxlama oyunu hazırlıq dövrünün ikinci hissəsinə təsadüf edib. Bu matçın hazırlığına 4 gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq keçirdik. Futbolçular məşqlərdə də, oyunda da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Təbii ki, çatışmayan məqamlar var. Bir neçə mövqe üzrə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik”.
Məmmədov futbolçuların durumundan da danışıb: “Sevindirici hal ondan ibarətdir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur. Amma daha çox çalışmalıyıq ki, çatışmayan cəhətləri aradan qaldıraq. Qəbələdə keçirilən hər iki oyunda bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm”.







