featured-image-16414
“Premyer Liqaya yeni çıxmışıq. Düzdür, heç kimin gözləmədiyi halda çempionata yaxşı başladıq. Amma çətinliklərimiz də var. Bunu başa düşür, hər gün səylə çalışırıq”.
Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov evdə “Şamaxı”ya 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIII tur oyunu barədə danışarkən deyib.
41 yaşlı mütəxəssis bildirib ki, hər matçda sonadək mübarizə aparsalar da, zəif oyunları da olacaq: “Bu, qaçılmazdır. Son turlarda bir çox zədə üst-üstə gəldi. Bu gün böyük nəticə gözləsək, özümüz özümüzü aldadarıq. Əsas məqsədimiz möhkəm komanda formalaşdırmaqdır. Bunun üçün yaxşı təməl lazımdır. İmkan düşdükcə, gənclərə etimad göstəririk”.
O, üzərində böyük təzyiq olmadığını söyləyib: “Yayda azarkeşlərlə görüşümüzdə hər şeyi müzakirə etmişdik. Oyundan sonra gəlib bizə dəstək olanlar var. 3-4 nəfərin fikrini hamıya aid etmək olmaz. Bu mövsüm Premyer Liqada qalmaq üçün sonadək vuruşacağıq. Digər komandalar da mübarizə aparır, xal ehtiyatını artırır. Gərginlik qarşıdadır”.
Abbasov bölgələrdə azarkeşlərin səbirsiz olduqlarını söyləsə də, bunu normal qarşıladığını və onları yaxşı başa düşdüyünü vurğulayıb: “Hər oyunda qələbə istəyirlər. Bununla da razıyam. Heç kim uduzmalı olduğumuzu demir. Məğlubiyyətə haqq qazandırmırıq. Sadəcə, bəzi gerçəklər var. Komanda 9 ildən sonra Premyer Liqaya qayıdıb. Azarkeşlərin də istəyi bu idi. Bu gün problemlərimizi bilirlər, bizi dəstəkləyirlər”.
Mütəxəssis kənardan ona qarşı hər hansı təxribatın ola biləcəyinə inanmır: “Kluba yaxın olan insanlar əl-ələ verib inkişaf etmək istəyir. Məqsədimiz gələcəkdə akademiyadan istedadlı uşaqları üzə çıxarmaqdır. Ayxan ömürboyu bu vəzifədə qalmayacaq. Bəlkə də nələrsə var. Amma yenə də inanmıram. Düşünürəm ki, “Şamaxı”ya məğlubiyyət pis təsir etdi. Bəzi azarkeşlər özlərini saxlaya bilmədi. Bu cür hadisələrin bəlkə də indi olması daha yaxşıdır. Möhkəm olmalı, mübarizə aparmalıyıq. Hansısa xırda məsələdə təslim olsaq, “Turan Tovuz” üçün çətin olar. Burada futbolu sevirlər. İstəkdən də irəli gələ bilər. İnşallah, düzələr”.
Abbasov fikirlərini bu cür tamamlayıb: “Bura mənim daimi yerim deyil ki, əbədi olaraq qalım. Məşqçi bu gün buradadır, sabah başqa yerdə. İşi bacara bilməsəm, klub özü istədiyi baş məşqçini gətirə bilər. Kiminsə yerimdə gözü olduğunu düşünmürəm. Heç qəbul da etmək istəmirəm. Hamısı emosiyalardan irəli gələn şeylərdir. Digər komandalar da bu hallarla üzləşir”.

Bənzər xəbərlər