Klublarımız yenə İsrail bazarına üz tutur - "Adamın Allahı var, liqa pis deyil"
Ötən mövsümün əvvəlində olduğu kimi yenə Azərbaycan klubları İsrail bazarına üz tutublar.
Təkcə bu gün ərzində “Qəbələ” və “Səbail” hərəyə iki israilli futbolçunun transferini açıqlayıb.
Bəs, görəsən, Premyer Liqa klublarının sözügedən ölkə təmsilçilərinə maraq göstərməsinin səbəbi nədir?
Məsələ ilə bağlı FIFA meneceri Erkin İbrahimovla əlaqə saxladıq. O, Msport.az saytına açıqlamasında burada müxtəlif amillərin rol oynadığını söylədi:
“Bu suala birbaşa cavab verməkdə çətinlik çəkirəm. Çünki fərqli klublardır. Yəqin, kimlərinsə İsrail bazarı ilə əlaqəsi var. Məsələn, Şahin Diniyev orada oynayıb. Komandaları tanıyır, liqanın səviyyəsindən xəbərdardır. Məsələn, “Səbail”in aldığı futbolçular mənə də təklif olunmuşdu. Şahin müəllim onları bəyənib. Amma bizim məşqçilərdən həmin oyunçuları bəyənməyənlər də var idi. Düşünürəm kİ, bu transferlər sırf əlaqələr, şəxsi tanışlıqlar hesabına həyata keçirilib. Məsələn, kimlərsə İsrail çempionatını daha üstün sayır. Adamın Allahı var, liqa pis deyil. Məncə, israilli oyunçuların transferinin xüsusi səbəbi yoxdur”.







