Kokain aludəçisi, yoxsa perespektivli məşqçi? - "Neftçi"nin Mutu seçimi
Rumıniya mətbuatının yazdığına görə, “Neftçi” Adrian Mutu ilə anlaşıb. Məşqçi təyinatı ilə bağlı işlər klubdan yox, baş sponsor SOCAR tərəfindən aparıldığından hələ ki məsələ ilə bağlı açıqlama verən yoxdur. Əslində Sergen Yalçın da Bakıya gəlib “Neftçi” ilə danışıqlar aparanda klub rəsmiləri bundan xəbərsiz idilər. İndi də oxşar proseslər gedir. Bu isə onu göstərir ki, sponsor klubun prezidentini, vitse-prezidentini oyundan kənar vəziyyətdə qoyub.
Dünən gecə saatlarında Rumıniyanın digər məşqçisi Marius Şumudike də açıqlamasında bildirdi ki, “ağ-qaralar”a yeni baş məşqçi təyin olunub. Bütün işarələr isə məhz Mutunun üzərinə aparır.
44 yaşlı Mutu 2000-ci illərdə Rumıniyanın ən güclü futbolçularından olub. “İnter”, “Parma”, “Çelsi”, “Yuventus”, “Fiorentina” kimi klublarda oynayan hücumçu vurduğu qollarla yanaşı qalmaqalları ilə də diqqət mərkəzinə düşüb.
Onun adı ilə bağlı ən böyük qaranlıq səhifə isə kokainə meylli olmasıdır. 2014-cü ilin sentyabrında Mutudan götürülmüş dopinq-test nəticəsində onun qanında kokain aşkarlanmışdı. “Çelsi” onunla müquaviləni pozdu, futbolçu özü isə 7 aylıq diskvalifikasiya olundu. Rumıniyalı forvardın həmin dönəmdə “Çelsi” ilə ciddi problemləri ortaya çıxdı. O, baş məşqçi Joze Mourinyo ilə dalaşdı, London klubu ilə də uzun müddət məhkəmələrdə çəkişdi.
Mutunun da şəxsi həyatda təxminən Laurentsiu Regekampf kimi problemləri olub. Məşhur futbolçu 2004-cü ildə Aleksandra adlı xanımdan ayrılır və məhkəmədə oğlunun onunla qalması məsələsini qaldırır. Mutu ayrıldıqdan sonra bir çox müğənninin, hətta erotik model Laura Andreşanın adı onunla yanaşı hallanırdı. Lakin meneceri bütün bunları təkzib edərək deyirdi ki, “Mutu depressiyaya düşüb və bu səbəbdən kokaindən istifadə edir”. Mutu isə həmin vaxt yalnız viaqra qəbul etdiyini, kokainə yaxın durmadığını bildirirdi.
2017-ci ildə “Tarqu”da karyerasını başa vuran Adrian bu klubda oynayan-məşqçi olur. Sonra Buxarest “Dinamo”sunun baş meneceri təyin olunsa da, orda cəmi 1 il işləyir. Baş məşqçi kimi fəaliyyətə 2018-ci ildə “Voluntari”dən başlayır, Rumıniyanın U-21 yığması, “Əl Vahda”nın U-21 komandası, “Universitatya Krayova”, “Rapid” (Buxarest) klublarına rəhbərlik edir.
Mutu hələ ki məşqçi kimi ciddi uğur qazana bilməyib. Bəlkə də onun üçün hər şey irəlidədir. Amma uğursuz Rege nümunəsindən sonra yenidən Rumıniyaya üz tutmaq nə dərəcədə doğru addımdır?
AYXAN







