featured-image-4760

Sovet dövründə seçin imkanı o qədər də geniş deyildi. Elə televiziyanı götürsək, Moskvanın iki mərkəzi kanalı, bir də bizim yerli TV. Seçim imkanının məhdudluğuna görə, az qala bütün verilişlər yadda qalan olurdu, tamaşaçılar orda səslənən sitatları əzbər bilirdilər. Məsələn, şənbə-bazar uşaqdan-böyüyə hamı “Komediyalar aləminə səyahət”i böyük həvəslə gözləyirdi. Əliağa Ağayevin, Nəsibə Zeynalovanın, Eldəniz Zeynalovun və digərlərinin hərəkətləri, mimikası, ağızdan çıxan hər kəlməsi dillər əzbəri olurdu.

İndi youtube, tik-tok, sosial şəbəkələr əsridir, hərənin özünə görə maraq dairəsi, gülüş zövqü var, kimisi rəhmətlik Tosunun dediklərinə qəşş edirdi, kimisinə hələ də Samiraldo oynayanda komik gəlir.

AFFA İcraiyyə Komitəsinin dünənki iclasından sonra həftədə bir dəfə səbirsizliklə gözlədiyimiz “Komediyalar aləminə səyahət” yadıma düşdü. Əmin oldum ki, artıq biz də bu iclasları eyni şövqlə, həvəslə gözləyirik. Axı futbol aləminin də öz Əliaağa Ağayevləri, Eldəniz Zeynalovları, Siyavuş Aslanları var. Sağ olsunlar, hər dəfə üzümüzü güldürməyə nəsə mövzu tapırlar, yenilik edirlər. Tutaq ki, 33 gün əvvəl əmin idilər ki, 6+5 legioner limiti Azərbaycana tam uyğundur, dəyişikliyə ehtiyac yoxdur.

33 gündən sonra bilmirəm, nə baş verdi, kim yuxusunda nə gördü, yerə doğru hansı təhlükəli asteroid yaxınlaşdısa, bu səfər qərara aldılar ki, yox, təcili legioner limitini 7+4 etmək lazımdır.

33 gün öncə həmin İcraiyyə Komitəsi düşünüb-daşınmışdı ki, biz futbolun klassikasını qoruyub saxlamalıyıq. Bütün dünya 5 əvəzetməyə keçsə də, bizimkilər qərara aldılar ki, Premyer Liqamızda 3 dəyişiklik tam bəs edir, axı futbolun klassikasından kənara çıxa bilmərik, Jül Rimenin Joao Avelanjın ruhu bizə qənim olar.

33 gün sonra: AFFA İcraiyyə Komitəsinin yadına düşür ki, sən demə beynəlxalq təcrübəni, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalarını nəzərə almaq lazımdır. Eyni adamlar bu dəfə əvəzetmə sayının 5-ə çatdırılması haqqında səs verirlər və belə də olmalı imiş kimi sakitcə dağılışırlar.

Gəl indi bütün bu olanlardan sonra, 33 günlük ara ilə bir-birinə 180 dərəcə zidd qərarlar verən qurumun ciddiliyinə inan. Get-gedə İcraiyyə Komitəsi “Komediyalar aləminə səyahət”i xatırladır, arada bir yerə toplaşırlar, yeni lətifələr, səhnəciklərlə yadda qalırlar və hamımızın üzünü güldürürlər.

ELNUR MƏMMƏDLİ

Bənzər xəbərlər