featured-image-5167

Millimizin müdafiəçisi Anton Krivotsyukun UEFA Millətlər Liqasının ardıcıl iki oyununda iştirak ərizəsinə salınmamasının səbəbi bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə yığmanın məşqçisi Arif Əsədov məlumat verib.

52 yaşlı mütəxəssis müdafiəçinin zədədən sonra tam bərpa olunmadığını söyləyib: “Krivotsyuk hələlik fiziki baxımdan hazır deyildi. Toplanışa yeni gəldiyi vaxt həkim nəzarəti və fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi qaydada çalışırdı”.

Əsədov Polşanın “Visla” (Plotsk) klubunda çıxış edən 24 yaşlı futbolçunun artıq 3-4 gündür ki, kollektivlə məşqlərə qoşulduğunu deyib:  “Baş məşqçi ehtiyac duyarsa, məncə, növbəti qarşılaşmalara hazırdır. Tam hazırlığı isə müəyyən müddət çəkə bilər”.

Məşqçi Bədavi Hüseynovun da “23-lük”dən kənarda qalmasına aydınlıq gətirib: “O, Qazaxıstanla ilk görüşdə ayağından yüngül gərginlik hiss etdi. Ona görə də baş məşqçi Bədaviyə istirahət verdi. Toral Bayramovda isə heç bir problem yoxdur. Sadəcə, ötən dəfə “23-lüy”ə başqa futbolçular düşməmişdi, bu oyuna isə digərləri. Ümumilikdə hər üç oyunçunun iştirak ərizəsinə düşməməsində elə bir problem yox idi. Toplanışa 26 futbolçu ilə gəlmişik. Amma oyunların iştirak ərizəsində 23 oyunçu olmalıdır. Yəni, hər dəfə 3 oyunçu kənarda qalmalıdır. Ona görə də baş məşqçi rotasiya etməli oldu”.

Əsədov Belarusla qolsuz heç-heçə etdikləri qarşılaşmada zədələrlə bağlı problemin olmadığını və qırmızı vərəqə alan Qismət Alıyevin əvəzinə yeni oyunçuya dəvətin göndərilməyəcəyini diqqətə çatdırıb: “Ola bilər ki, Alıyev azı 2 oyunluq cəzalansın. Onun yerinə yeni oyunçuya dəvət göndəriləcəyini düşünmürəm. Çünki baş məşqçinin sərəncamında kifayət qədər futbolçu var. Həm də hazırda yığmaya dəvət almayanlar istirahətdədir, heç kim məşq etmir. Yəqin ki, hamısı iyunun 15-dən sonra toplanışa başlayacaqlar”. (Report)

 

Bənzər xəbərlər