featured-image-4666

Sabah AFFA Icraiyyə Komitəsinin növbəti toplantısı keçiriləcək.

Msport.az xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində təşkil olunacaq iclasda ən çox maraq doğuran məsələ 2022-2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsidir.

Halbuki 33 gün öncə həmin İcraiyyə Komitəsi (İK) eyni məsələni müzakirəyə çıxarmış və sonda olduğu kimi saxlanılmasına qərar vermişdi. Amma AFFA İK-nin bu qərarı heç də birmənalı qarşılanmadı.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bundan sonra heç bir təklif verməyəcəyini, onsuz da İcraiyyə Komitəsinin istədiyi qərarı qəbul etdiyini vurğuladı. Legioner limiti və əvəzetmə sayının dəyişdirilməməsindən narazı qalan klublardan biri də “Sabah” idi. İqtisadiyyat naziri Mikayıl Cabbarovun kurasiyasında olan paytaxt təmsilçisi AFFA-ya təsir imkanlarına malik olan azsaylı klublardan biridir. Həm “Qarabağ”, həm də “Sabah” rəhbərliyinin gənclər və idman naziri Fərid Qayıbovla da çox yaxşı əlaqələri var. Görünür, təzyiq nəticəsini verib ki, sabah AFFA İcraiyyə Komitəsi 33 gün əvvəlki qərarını dəyişməli olacaq.

Əldə etdiyimiz məlumata görə, sabah legioner limiti 6+5-dən, 7+4-ə artırılacaq. Əvəzetmə sayının isə 3-dən 5-ə yüksəldilməsinə səs veriləcək.

Ümumiyyətlə, son hadisələrdən sonra bir daha o qərara gəlmək olar ki, AFFA İK üzərinə düşən öhdəliyi yerinə yetirə bilmir, futbolun inkişafı əvəzinə, geriləməsinə yönəlik qərarlar verir. Bu səbəbdən yaxın vaxtlarda AFFA İK-də də islahatlar aparılmalı, sözü bütöv, cəmiyyət arasında nüfuzu olan, ən əsası da futbolumuzun problemlərinə biganə qalmayan şəxslər qurumda təmsil olunmalıdırlar.

Bənzər xəbərlər