featured-image-17067
“Turan Tovuz”un ingiltərəli hücumçusu Natan Oduvanın Msport.az saytına müsahibəsi
Cari mövsümün əvvəlindən “Turan Tovuz”un formasını geyinirsiniz. Özünüzü bu komandada necə hiss edirsiniz?
– Özümü xoşbəxt hiss edirəm, çünki stabil oynayıram və 8 ildən sonra Azərbaycan Premyer Liqasına qayıdan bu futbol şəhərinə kömək edə biləcəyimə inanıram.
Yəqin ki, Tovuzda yaşayırsınız…
– Bəli.
İngiltərədən sonra Tovuzda yaşamaq sizin üçün çətin deyil?
– Əlbəttə, fərq böyükdür. Amma mən bunu müsbət dəyişiklik kimi görürəm. Çünki diqqətimi yayındıran çox şey yoxdur, fikrimi yalnız futbola cəmləməyi bacarıram. Ailəniz, dostunuz üçün darıxmaq normaldır. Lakin bunlar futbolda etməli olduğunuz bəzi fədakarlıqlardır. Adaptasiya ilə bağlı heç bir problemim yoxdur.
Həmyerliniz Toni Adams “Qəbələ”dən ayrıldıqdan sonra ölkəsinin mətbuatına müsahibəsində demişdi ki, məşq bazasının stadionunda inəklər otlayırdı. Siz Tovuzda buna bənzər hadisənin şahidi olmusunuz?
– Yox, amma mən burada çoxlu it və pişik görmüşəm. Bu isə normal haldır. London küçələrində pişik və itlərlə yanaşı, tülkülərə rast gələ bilərsiniz.
“Tottenhem”in yetirməsisiniz. İngiltərənin U-17, U-18 və U-20 komandalarında, həmçinin bəzi klublarında çıxış etmisiniz. İndi isə “Turan Tovuz”da oynayırsınız. Karyeranızdakı enişin səbəbini necə izah edərdiniz?
– Bəzən futbolda belə hallar olur: hər şeyə zirvədən başlayırsan, amma işlər planlaşdırıldığı kimi getmir.
Konkretləşdirsək, nəyi nəzərdə tutursunuz?
– Böyük klubların akademiyasında çıxış edərkən əsas komandada oynamağı hədəfləyirsiniz. Lakin bəzən klubların maliyyə imkanlarına görə, bu, daha çətin olur. Çünki onlar sizin mövqeyinizdə çıxış edən futbolçuları milyonlarla dollara ala bilirlər, öz akademiyalarında istedadlı futbolçu axtarmağa isə ehtiyac duymurlar.
Azərbaycan futbolu barədə fikirləriniz necədir?
– Fikrimcə, oynadığım digər liqalarla müqayisədə, burada fiziki futbola daha çox üstünlük verilir.
Artıq 26 yaşınız var. Karyeranızla bağlı nə düşünürsünüz?
– Düzünü desəm, karyeramdan məmnunam. Bir çox ölkədə oynamaq mənə qismət olub və bu liqalarda çoxlu təcrübə qazanmışam. Həm də çox şey öyrənmişəm.
Növbəti hədəfiniz hansı ölkədir?
– Növbəti hədəf “Şamaxı” ilə kubok oyunudur. Mən ölkələr haqqında düşünmürəm.
Yeri gəlmişkən, Premyer Liqada “Şamaxı”ya uduzmusunuz. Kubok oyunundan nə gözləyirsiniz?
 “Şamaxı” hazırda yaxşı formadadır. Ona görə də asan oyun olmayacaq. Biz 100% evdəki məğlubiyyətin qisasını almağa çalışacağıq.
Rəqib sizin sabiq klubunuzdur. Bu mənada, matça ikiqat motivasiya ilə çıxacağınızı düşünmək olar?
– Bunun keçmiş klubum olub-olmamasından asılı olmayaraq, mən hər matça qalib gəlmək düşüncəsi ilə çıxıram. İstənilən oyunda qələbə qazanmaq istəyirəm.

Bənzər xəbərlər