featured-image-24523

Milli komandamızın üzvü Mahir Emreli Türkiyə Super Liqasında “Giresunspor”la oyunda debüt edib. Start heyətində meydana çıxan “Konyaspor”un yeni transferi 58-ci dəqiqədə əvəzlənib. Matç qolsuz bərabərliklə yekunlaşıb. “Yaşıl-ağlar” artıq 5 oyundur ki, meydanı qolsuz tərk edirlər. “Konyaspor”un baş məşqçisi Aleksandr Stanoyeviçin də istefaya göndərilmək məsələləri gündəmə gəlib. Serbiyalı mütəxəssis Super Liqa tarixində ilk 5 matçında komandası fərqlənə bilməyən yeganə əcnəbi məşqçi oldu.

Mahirin klubun belə vəziyyətində “Konyaspor”u seçməsi bir qədər narahatlıq yaradır. 26 yaşlı futbolçu Super Liqadakı ilk görüşdə necə təsir bağışlayıb? Azarkeşlərin bu məsələ ilə bağlı fikirləri birmənalı deyil, Emrelinin formada olmadığını deyənlər də var, onun debütdə yaxşı oynadığını deyənlər də.

“Konyaspor”u yaxından izləyən “Anadoludabugun.com.tr” saytının idman yazarı Fatih Şeker “Msport.az”a Mahirin yeni komandasındakı ilk oyununu dəyərləndirdi:

“Mahir Emrelidən “Konyaspor” azarkeşlərinin gözləntiləri yüksəkdir. İlk oyununa çıxdı və qəbul etməliyik ki, bu, heç də hər kəsə asan olmur. Həm də komandaya pis nəticələrlə əlaqədar son vaxtlar ciddi təzyiq var. Amma Mahir ümumi olaraq bizə pozitiv təsir bağışladı. Cinahda oynadı və meydandan çıxana qədər çox çalışdı. Birinci hissədə qola çox yaxınlaşdı, lakin qapıçını keçə bilmədi. “Konyaspor”un baş məşqçisi Aleksandr Stanoyeviç matçdan sonra yeni transferlər haqqında nikbin danışdı.

“Giresunspor”un çalışdırıcısı Hakan Keleş isə Mahiri izlədiyini və keyfiyyətli oyunçu olduğunu vurğuladı.

Mahir mövsümün sonuna qədər “Konyaspor”da olacaq, lakin müqavilədə transfer hüquqlarına yiyələnmə maddəsi var. Bu da klubun futbolçudan gözləntiləri olduğunu göstərir. Mövsüm başa çatdıqdan sonra performansa baxılaraq yeni müqavilə ilə bağlı danışıqlar aparıla bilər. Həm də qardaş ölkədən gəlib deyə adaptasiya dövrünü çox tez keçir. Mən qarşıdakı vaxtlarda komandaya çox xeyir verə biləcəyini düşünürəm”.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər