"Mahmud Qurbanov dedi ki, get, özünə klub tap, ya da əvəzedici heyətdə oynayacaqsan" - Adil Nağıyev
“Səbail”in müdafiəçisi Adil Nağıyev karyerasını “Şamaxı”da davam etdirəcək.
Paytaxt klubunun baş məşqçisi Mahmud Qurbanov 26 yaşlı futbolçunu əvəzedici heyətə göndərmək istəsə də, o, bununla razılaşmayıb. Mərkəz müdafiəçisi Msport.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi:
“İcarə əsasında 1 illik “Şamaxı”ya keçəcəm. Müqavilə ilə bağlı bəzi detallar qalıb, hazırda hər iki klubun rəhbərliyi bununla bağlı danışıqlar aparır. “Səbail”də heç bir problemim yox idi. Baş məşqçi özü istədi, mən də komandada qaldım. Həmin vaxt hamı da bilirdi ki, başqa variantlarım var. Son anda qaldım komandada. Bakıdakı yoxlama görüşlərində meydana çıxsam da, Gürcüstanda heç bir matçda şans vermədi. Sonra da baş məşqçi dedi ki, get özünə klub tap, ya da əvəzedici heyətdə oynayacaqsan. Mən də oynamaq üçün belə addım atmalı oldum. Sağ olsun, “Səbail” rəhbərliyi, şərait yaratdılar ki, gedim başqa klubda çıxış edim”.
Adil Nağıyev “Mahmud Qurbanovla aranızda nəsə mübahisə olubmu” sualına cavabı belə oldu:
“Yox, heç bir mübahisəmiz olmayıb. Sadəcə oynamırdım. Şans verilmirdi. “Səbail” klubu ilə də 2 illik müqaviləm var, ona görə də belə bir qərar verdim”.