featured-image-16907

“Qarabağ”la “Sabah” arasında 4:3 hesabı ilə başa çatan son oyundan sonra Masazırdakı qarşılaşmanın da gərgin keçəcəyi gözlənilirdi. Ümumiyyətlə, Murad Musayevin komandası göstərir ki, hazırda Ağdam klubunun qarşısına çıxa biləcək yeganə qüvvə onlardır. Bələ yerdə  “Neftçi”ni niyə hesabdan silirsiz, deyə bilərsiz? Amma “Qarabağ” “Neftçi” ilə Suraxanıdakı matçda (3:1) çox da güc sərf etmədən qalib gələ bilmişdi.

“Sabah”a qarşı hər iki oyun Azərbaycan çempionu üçün ağır keçib. Suraxanıda hakim səhvi ilə nəticələnən aut və daha sonra qol olmasaydı, bəlkə də, fərqli nəticə qeydə alınardı.

Dünən isə Musayevin komandası Masazırda optimal heyətlə meydana çıxan “Qarabağ”dan bəzi anlarda daha yaxşı idi. Xüsusən də 1-ci hissədə Ağdam klubu hücuma çıxmaqda çətinlik çəkirdi. Kadi yalnız 42–ci dəqiqədə uzaqdan qapıya zərbə endirərkən yada düşdü. Zədəli Ozobiçin yoxluğunda Qurbanov Ramil Şeydayevi ehtiyatda saxlayaraq hücumun arxasına Marko Yankoviçi qoymuşdu. Açığı bu gedişin özünü doğrultduğunu deyə bilmərik. Monteneqrolu futbolçu “10 nömrə” mövqeyində elə də effektli olmadı.

“Sabah”da İrasabalın 15-ci dəqiqədə zədələnərək meydanı tərk etməsi də ümumi vəziyyəti pisləşdirmədi. Bəxtiyar Həsənəlizadə bu mövsüm dördüncü oyununa çıxsa da, pis təsir bağışlamadı. Qarşılaşmanın ən yaxşılarından biri isə bir vaxtlar “Rayo Valekano”da çıxış edərkən Messi, Neymara qarşı oynamış Abdullaye Ba idi. Seneqallı müdafiəçi Ovusu, Zubir, Kadini zərərsizləşdirmək üçün əlindən gələni etdi. Sol cinah müdafiəçisi Boyan Letiç də ümidləri artıqlaması ilə doğrultdu. O, əksər mübarizələrdə Veşoviçdən üstün oldu.

Murad Musayevin təbirincə desək, qol olmasa da, Masazırda müasir futbol izlədik. Oyunu daha da maraqlı edən isə “Bank Respublika Arena”ya toplaşmış 10 min azarkeş idi. Hələ görüşün başlamasına bir saat qalmış stadiona gələndə artıq tribunalarda xeyli sayda azarkeş gördük ki, bu, Azərbaycan çempionatı üçün təəccüblü məqamdır. Düzdür, sonradan öyrəndik ki, oyuna bilet satılmayıb və giriş sərbəst olub. Lakin dəfələrlə sərbəst giriş olan digər matçlarda tribunaların boş qalmasını da görmüşük. Dünən həm də Masazırda mövsümün yeni rekordununun müəyyənləşdiyini gördük. 13 min tamaşaçı tutumuna malik arenada görüşü 10 min azarkeş izlədi.

Amma ən böyük problem oyundan sonra yarandı. Stadionun ətrafında yaranan uzun tıxac hamını boğaza yığdı. Təsəvvür edin ki, matç yarım saat idi başa çatsa da, stadiondan maşınla çıxmaqda hələ də çətinliklər var idi. “Sabah” avrokuboklara vəsiqə qazansa və stadion tam dolsa, belə çıxır ki, Masazırda həyat 1-2 saat dayanacaq. İndiki məqamda isə bunun qarşısını almaq çətin görünür, yollar ensiz, sağ-sol binalar və obyektlər.

ELNUR MƏMMƏDLİ

Bənzər xəbərlər