Məmmədyarov 2, Rəcəbov 1 pillə irəliləyib - FİDE reytinqi
FİDE şahmatçıların avqust reytinqini açıqlayıb.
Msport.az xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.
39 yaşlı qrossmeyster 2 pillə irəliləyib. Aktivində 2703 xal olan Məmmədyarov 17-ci pillədə qərarlaşıb.
Teymur Rəcəbov 1 rəqibini qabaqlayıb. O, 2700 xalla 33-cüdür. Ötən reytinqdə 76-cı olan Rauf Məmmədov “Top-100”ü tərk edib.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2832) başçılıq edir. Onu ABŞ-ın şərəfini qoruyan Hikaru Nakamura (2802) və Fabiano Karuana (2793) izləyirlər.
Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. 2 pillə irəliləyən şahmatçımız 2441 xalla 31-cidir.
Bir addım geriləyən Gövhər Beydullayeva (2412) 43-cüdür. 13 pillə geriləyən Xanım Balacayeva 2384 xalla 60-cıdır. Ülviyyə Fətəliyeva (2369) 21 pillə geriləməklə 72-ci sıradadır.
Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2563), üçüncü sırada Ley Tinqjie (Çin, 2549) qərarlaşıb.